Ukraynadan Polşa hava məkanına uçan raketin qalıqlarının axtarışında 500-ə yaxın hərbçi iştirak edir.
HİT.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
“Dekabrın 30-da Polşanın hava məkanına daxil olan raketin qalıqları üçün Lüblin Voyevodalığında yerüstü axtarış aparılacaq. Axtarışlarda 480-ə yaxın hərbi qulluqçu iştirak edəcək”, deyə Müdafiə Nazirliyindən bildirilib.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiyasının Polşadakı səfirliyindəki müvəqqəti işlər vəkili Andrey Ordaş Ukrayna ərazisindən üç dəqiqə ərzində öz ərazisinə uçan raketlə bağlı insidentdə Polşa tərəfinin ittihamlarını əsassız adlandırıb. Varşavanın tələb olunan sübutları təqdim etməkdən imtina etdiyi, Rusiya tərəfinə qarşı irəli sürülən ittihamların əsassız olduğu qeyd edilir. Bununla bağlı diplomat vurğulayıb ki, Rusiya Federasiyası Polşaya insidentdə iştirakına dair sübutlar almayana qədər bu məsələ ilə bağlı izahat verməyəcək.
Polşa Silahlı Qüvvələrinin əməliyyat qüvvələrinin komandanı Maçey Klis bildirib ki, döyüş hazırlığı vəziyyətinə gətirilən qırıcıların Ukraynadan gələn raketi vurmağa vaxtı olmayıb. Onun sözlərinə görə, yalnız bir raket olub və üç dəqiqə ölkə ərazisində qalıb. Bu müddət ərzində o ölkə ərazisinə 40 km daxil olub.
Samir