Almaniyada naməlum PUA-lar hərbi təlimlərlə bağlı casusluq edir

DÜNYA
12:57 / 07.01.2024
357

Naməlum pilotsuz təyyarələr hər həftə Almaniyada hərbi poliqonların və kazarmaların üzərindən uçsa da, bir ildən çoxdur ki, onların heç birini yerə endirmək mümkün olmayıb.

HİT.az  xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.

Nəşrin məlumatına görə, 2022-ci ilin oktyabr ayından etibarən casus dronların meydana çıxması xəbər verilir. Xüsusilə Bundesverin ukraynalılara təlim keçdiyi poliqonlarda onlardan çox sayda olub.

"Bundesverin ukraynalılara Leo 1-də təlim keçdiyi Klitz hərbi poliqonu üzərində mütəmadi olaraq pilotsuz təyyarələr müşahidə olunur. Digər obyektlərdə bəzən bir neçə pilotsuz təyyarə eyni vaxtda hava məkanına daxil olur. Bu, açıq şəkildə təşkil olunub və güclü şəkildə Rusiyaya işarə edir", deyə ekspertlərdən biri "Bild"ə açıqlamasında bildirib.

Hərbi polisin dronlara qarşı radio tıxaclarından istifadə etdiyi deyilir, lakin bu, vəziyyəti yaxşılaşdırmır.

"Bundesver də dron hücumlarının arxasında Moskvanın dayandığından şübhələnir, lakin bunu sübut edə bilmir. Çünki o, səmadan bir dənə də olsun pilotsuz təyyarə endirə bilməyib", deyə nəşr yazır.

Qeyd olunur ki, 2023-cü il noyabrın 15-də Bundesver briqada generalı Volfqanq İordanın başçılığı ilə pilotsuz uçuş aparatları üzrə xüsusi qrup yaradıb. Bununla belə, iki aydan sonra hələ də nəzərəçarpacaq nəticə yoxdur.

Samir

0