Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) İstanbul bələdiyyə başqanlığına namizəd Murat Kurum bu posta seçiləcəyi təqdirdə zəlzələ riski üçün təhlükəli hesab olunan bütün binaların söküləcəyini vəd edib.
HİT.az xəbər verir ki, bu barədə Murat Kurum jurnalistlərə açıqlamasında danışıb.
"Bütün İstanbulluları qucaqlayacağıq. Biz çalışacağıq ki, İstanbulda heç bir bina risk altında qalmasın. İstanbulun “tarixi yarımadasına” bir daha nəfəs verəcəyik", deyə bələdiyyə sədrliyinə namizəd bildirib.
Siyasətçi həmçinin İstanbulda tıxac problemini həll edəcəyinə söz verib:
"İkinci addım riskləri azaltmaq olacaq. Biz həm qısamüddətli, həm də uzunmüddətli həlləri həyata keçirmək üçün vətəndaşlarla birlikdə çalışacağıq".
O, yaxın vaxtlarda nəzərdə tutulan layihələrdən danışacağına söz verib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkilərində keçmiş ətraf mühit və şəhərsalma naziri Murat Kurumun, eləcə də bir sıra digər namizədlərin İstanbul bələdiyyə sədri vəzifəsinə namizəd kimi irəli sürüldüyünü açıqlamışdı. Murat Kurumun əsas rəqibi İstanbulun hazırkı bələdiyyə sədri, müxalifətçi Əkrəm İmamoğlu olacaq.
Dekabrda ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki demişdi ki, İstanbulun mənzil fondunun təxminən 10%-i zəlzələ zamanı yüksək dağılma riski altındadır.
Samir