Son günlərdə Şimali Koreya ilə Cənubi Koreya arasında müharibə olma ehtimalları sürətlə yayılır.
Ötən həftə Şimali Koreya lideri Kim Çen Inın orduya "müharibəyə hazır ol" əmri verməsi xeyli diqqət çəkdi. Həmçinin, Cənubi Koreyaya yüzlərlə artilleriya mərmisinin atılması da vəziyyəti daha da gərginləşdirdi. Bütün bunların fonunda isə tərəflər arasında müharibə ola biləcəyi barədə fikirlər səsləndirilməyə başlanıldı.
Maraqlıdır, indiki vəziyyətdə Şimali Koreya ilə Cənubi Koreya arasında müharibə başlaya bilər?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Şimali Koreya ilə Cənubi Koreya arasında əvvəllər də dəfələrlə gərginlik müşahidə olunub:
"Xüsusilə də 2020-ci ilə qədər tərəflər arasında bu cür gərginliklərin yaşanması adi hala çevrilmişdi. Düşünürəm ki, bu gərginlikdəki məqsəd və hədəf dəyişməz olaraq qalır. Şimali Koreya ABŞ-nin və Qərbin Cənubi Koreyaya dəstək verməsinə müqavimət olaraq belə addımlar atır.
Üstəlik, bunun öz təhlükəsizliyinə qarşı atılacaq addımlara cavab olduğunu bildirir. Cənubi Koreya da Şimali Koreyada gələn təzyiqləri əsas götürərək zaman-zaman bu cür cavab addımları atır. Yəni bu, ənənəvi hal olmağa başlayıb".
Ekspert hesab edir ki, Şimali Koreya ilə Cənubi Koreya arasında müharibə olma ehtimalı zəifdir:
"Təbii ki, hansısa toqquşmalar olacağı təqdirdə bundan bəhrələnmək istəyən və gərginliyi pik həddə çatdırmaq istəyən qüvvələr olacaq. Amma Şimali Koreya lideri Kim Çen Inlə belə nəbz yoxlamaların fayda verməyəcəyini Cənubi Koreyada, onun arxasında dayanan beynəlxalq güclər də kifayət qədər yaxşı bilirlər.
Nəzərə almaq lazımdır ki, Kim Çen In istənilən zaman nüvə silahından istifadə edə biləcək bir insandır. Bunu da hər kəs çox yaxşı bilir. Ona görə də baş verənləri sadəcə nəbz yoxlamaları kimi dəyərləndirmək olar. Tərəflərin açıq şəkildə müharibə aparacağı da inandırıcı deyil".
Rəşad Bayramovun sözlərinə görə, qüvvələr balansı bərabər deyil:
"Cənubi Koreya bu mərhələdə ancaq öz dəstəkçilərinə, xüsusilə də ABŞ-yə güvənə bilər. Amma ABŞ-nin Cənubi Koreyaya görə Şimali Koreya ilə müharibəyə girmə ehtimalı olduqca aşağıdır. Bu səbəbdən də müharibə ehtimalını istisna edirəm.
Düzdür, zaman, dövr və tələblər də o qədər sürətlə dəyişir ki, istənilən zaman hər şey ola bilər. Amma Cənubi Koreya və Şimali Koreya arasında tezliklə müharibənin olması inandırıcı deyil".
Pərviz