Pentaqon və Çin Xalq Azadlıq Ordusunun (PLA) nümayəndələri 2021-ci ildən bəri ilk dəfə 8 və 9 yanvar tarixlərində ABŞ-da şəxsən görüşüblər.
HİT.az xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
Mətndən məlum olur ki, hərbi idarələrin nümayəndələrinin görüşü Pekin və Vaşinqton arasında münasibətlərin soyuqlaşması fonunda baş tutub.
Nəşrin məlumatına görə, danışıqlarda Pentaqonun Çin üzrə köməkçisinin müavini Maykl Çeyz və Çin Mərkəzi Hərbi Komissiyasının Beynəlxalq Hərbi Əməkdaşlıq üzrə Ofisinin direktor müavini general-mayor Sonq Yançao iştirak edib.
Pentaqon və PLA nümayəndələri arasında görüş Si Szinpinin ABŞ-a səfərindən və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun ilə Xalq Azadlıq Ordusu generalı Liu Zenli arasında söhbətdən sonra baş tutub.
"Politico" polkovnik-leytenant Martin Minersin hesabatına istinadən yazıb ki, iki günlük danışıqlar zamanı iki tərəf "müdafiə əlaqələri"ni müzakirə edib, ABŞ tərəfi isə "hərbçilər arasında açıq rabitə xətlərinin saxlanmasının vacibliyini vurğulayıb".
"Amerika tərəfi, həmçinin, Birləşmiş Ştatların beynəlxalq hüququn icazə verdiyi yerdə təhlükəsiz və məsuliyyətli şəkildə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcəyini bir daha təsdiqlədi və Çinin Cənubi Çin dənizində qanuni fəaliyyət göstərən Filippin gəmilərinə dəfələrlə təzyiq göstərməsinə diqqət çəkdi. Eləcə də Vaşinqtonun Tayvana qarşı uzunmüddətli siyasətinə sadiqliyiyi vurğulandı", deyə qeyd edilib.
Samir