Türkiyə ilə ABŞ arasındakı gərginliyə səbəb nədir? - ŞƏRH 

DÜNYA
17:48 / 10.01.2024
440

"Türkiyə ilə ABŞ arasında münasibətlərin gərginləşməsi yaxın aylarda baş verən bir məsələ deyil".

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib.

O, Türkiyə ilə ABŞ-nin yarım əsrdən çoxdur NATO çərçivəsində mütəffiq olduqlarını xatırladıb:

"Amma bu mütəffiqlik özünü həmişə reallıqda göstərməyib. Əksinə, rəsmi Vaşinqton bir çox məsələlərdə Ankaraya ögey münasibət göstərib. Xüsusilə, Rəcəb Tayyib Ərdoğan dönəmində Türkiyə ilə ABŞ arasındakı münasibətlərin tez-tez gərginləşməsinin şahidi oluruq. Çünki Ərdoğan iqtidara gəldikdən sonra ölkəsinin milli siyasətinə önəm verib. Bu isə Qərbi, o cümlədən ABŞ-ni narahat etməyə bilməz. 

Bu gün Türkiyənin milli siyasət yürütməsi, rəsmi Vaşinqtonun bəzi çağırışlarına cavab verməməsi və Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı sanksiyalara qoşulmaması Ağ Evin maraqlarına uyğun gəlmir. Ona görə də tərəflər arasındakı münasibətlərdə müəyyən gərginlik hiss olunur". 

341512

Ekspert onu da qeyd edib ki, Ankara ilə Vaşinqton İsrail-HƏMAS müharibəsində də qarşı-qarşıya gəlirlər:

"ABŞ bütün gücü ilə İsrailin yanında yer alsa da, Türkiyə onların yürütdüyü siyasəti sərt şəkildə tənqid edərək HƏMASa dəstək verdi. Bu da öz növbəsində iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdi".

Elçin Abdullayev diqqətə çatdırıb ki, ABŞ son zamanlarda yürütdüyü siyasətlə dünyada özünü nüfuzdan salmaqla məşğuldur:

"Buna görə də ABŞ-nin düşünən beyinləri öz siyasi gedişlərində müəyyən korrektələr etməlidirlər. Hesab edirəm ki, Vaşinqton Ankara ilə münasibətlərdə də normallaşma prosesinə başlayacaq. Əks təqdirdə, ABŞ təzyiq göstərməyə çalışdığı Türkiyə və digər ölkələrdən uzaq düşəcək. Bu isə onun özünün əleyhinə olacaq".

Pərviz

 

0