Rusiya-Ukrayna müharibəsinin müqəddəratı ilə bağlı iddialar səsləndirilməyə davam edir.
Bunların ən çox diqqətçəkəni isə Qərbdə söylənilən fikirlərdir. Belə ki, dünyaca məşhur bir çox Qərb mediası və oradakı tanınmış simalar Rusiya-Ukrayna müharibəsinin bu il bitə biləcəyini önə sürürlər.
Lakin bunun üçün Ukrayna Prezidenti Volodomir Zelenskinin getməsinin lazım olduğunu deyirlər. Hətta ötən ilin sonlarından etibarən Zelenskini əvəzləyəcək bir çox şəxsin adı da ön plana çıxarıldı. Bununla da bir növ nəbz yoxlanıldı. Namizədlərin bəzilərinin xalqın müəyyən kütləsi tərəfindən dəstəklənə biləcəyi də müşahidə olundu.
Bəs nə üçün Zelenskinin hakimiyyətdən uzaqlaşdırılma ehtimalı var?
Çünki başda ABŞ olmaqla Qərb ölkələri artıq Ukraynaya maddi və hərbi dəstək vermək istəmirlər. Üstəlik, bunu çox açıq şəkildə də elan edirlər. Hətta son xəbərlərə əsasən, artıq ABŞ Prezidenti Co Bayden belə Volodomir Zelenskiyə Rusiya ilə danışıqlar masasına oturmağı təklif edib. Əlbəttə ki, Ukrayna lideri bu təklifə müsbət yanaşmır və sona qədər mübarizə aparmaq istəyir. Lakin mövcud güc balansında onun bunu nə dərəcədə reallaşdıra biləcəyi də sual altındır.
Onu da nəzərə almaq lazımdır ki, Rusiya artıq Ukraynada özü üçün yeni hədəflər açıqlayır. Hətta Ukraynanın paytaxtı Kiyevi belə hədəf göstərirlər. Son günlərdə Kiyevin ağır hücumlara məruz qalması da məhz bununla bağlıdır. Bəlkə də Kreml müharibənin dayanmayacağı və danışıqların başlamayacağı təqdirdə irəliləyəcəyini göstərmək istəyir. Bu, bir növ Kiyev administrasiyasına gözdağı kimi də qiymətləndirilir.
ABŞ və NATO ölkələri isə Rusiyanın irəliləməsini istəmir. Üstəlik, bunun qarşısını almaq üçün yeni silah tədarükünə də müsbət yanaşmırlar. Ona görə də bir an öncə tərəflər arasında danışıqların başlamasını tələb edirlər. Zelenski isə buna razı olmadığı üçün Ukraynada hansısa formada hakimiyyət dəyişikliyi məsələsi gündəmə gəlir.
Bəzi analitiklərin təhlillərinə əsasən, Ukraynada bu il keçiriləcək prezident seçkiləri ləğv olunmasına baxmayaraq, sözügedən ölkədə iqtidar dəyişə bilər. Zelenskinin anidən istefa verməsi və ya ölkədə hərbi çevrilişin ola biləcəyi istisna olunmur. Yəni 2024-cü ildə Ukraynada hakimiyyət dəyişikliyinin yaşanması süpriz olmayacaq...
Pərviz