Almaniya kansleri Olaf Şolts Fransa tarixinə ən gənc hökumət başçısı kimi düşən 34 yaşlı Qabriel Attalın baş nazir təyin edilməsindən təəccüblənib.
HİT.az xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.
Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit yeni baş nazirin yaşı ilə bağlı sualı cavablandırarkən "Kansler, həmçinin Fransa tərəfindəki bir çox müşahidəçilər seçim elan edildikdə təəccübləndi", deyib.
Qəzet yazır ki, nisbətən təcrübəsiz namizədin seçilməsi Berlində müəyyən çaşqınlıq yaradıb. Eyni zamanda, alman siyasətçiləri "Euractiv"ə bildiriblər ki, Almaniya Attalı Fransa-Almaniya dostluğunun tərəfdarı hesab edir və Avropa Parlamentinə seçkilərə qədər onun mandatı çərçivəsində davamlılıq gözləyir.
Belə ki, Saarland federal əyalətinin baş naziri, Təhsil Nazirliyinə rəhbərlik edərkən Attalla birlikdə işləmiş Anke Rölinger onu iki ölkə arasında əməkdaşlığı inkişaf etdirəcək Fransa-Almaniya dostluğunun müdafiəçisi kimi qiymətləndirib.
Yanvarın 7-də məlum olub ki, Fransa prezidenti hazırkı Nazirlər Kabinetini yenidən formalaşdırmaq, o cümlədən baş naziri və bir sıra əsas nazirliklərin rəhbərlərini dəyişmək niyyətindədir.
Samir