Paşinyan nə üçün Rusiyadan vazkeçə bilmədi?

DÜNYA
17:05 / 11.01.2024
417

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya məsələsində geri addım atmağa məcbur oldu.

Məlum olduğu kimi, Ermənistanla Rusiya arasında uzun müddətdir gərginlik yaşanırdı. Yaranan gərginliyin əsas səbəbi də Nikol Paşinyan idi. Daha doğrusu, onun atdığı addımlar Kremlin qəzəbinə səbəb olurdu.

Rəsmi İrəvanın Qərblə yaxınlaşması Moskvanın etirazı ilə qarşılanırdı. Xüsusilə, ABŞ və Fransa kimi anti-Rusiya siyasəti aparan ölkələrin Ermənistan üzərindən bölgəyə daxil olmağa çalışması Kremlin hiddətini artırırdı. Bütün bunlarla yanaşı, Ermənistanın Rusiya Prezidenti Vladimir Putinin həbsini tələb edən Roma Statutununa qoşulması da iki ölkə arasındakı gərginliyi pik həddə çatdırdı. Həmçinin, Paşinyanın ölkə daxilində atdığı onlarla anti-Rusiya addımından da bəhs etmək mümkündür.

Hətta Rusiyanın hərbi bazasının Gümrüdən çıxarılması, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ayrılması kimi məsələlər də gündəmə gəlirdi. 

İşin ən maraqlı tərəfi isə Ermənistanın KTMT-nin birgə hərbi təlimlərinə və sözügedən təşkilatın iclaslarına qatılmaması idi. Eyni zamanda, Rusiyada keçirilən tədbirlərə də nə Baş nazir Nikol Paşinyan, nə parlamentin sədri Alen Simonyan, nə də xarici işlər naziri Ararat Mirzoyan qatılırdı. 

Yəni Paşinyan administrasiyası bir növ Rusiyanı boykot etməklə məşğul idi. Lakin Ermənistanın Baş naziri ötən ilin sonlarına yaxın - 25 dekabrda Rusiyaya səfər etdi. O, Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB-nin qeyri-rəsmi sammitində iştirak etdi. Bu isə Paşinyanın Putin qarşısında geri addım atması kimi dəyərləndirildi. 

Bəs Paşinyan nə üçün geriyə addım atmaq məcburiyyətində qaldı? 

Bu sualın cavabı çox bəsitdir. Birincisi, Paşinyan hər nə qədər Qərbə meyillənsə də, Rusiyanın Ermənistan üzərindəki təsir rıçaqları olduqca güclüdür. İkincisi, bu ölkənin iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir. Üçüncüsü isə Ermənistanın sərhədlərini rus hərbçiləri qoruyur və Gümrüdə Rusiyanın hərbi bazası var. 

Yəni bütün bu reallıqlar fonunda Paşinyanın Rusiyadan tamamilə imtina etməsi, onu yox sayması qeyri-mümkündür. Əks halda, ölkəsi çökə və hətta mövcudluğu sual altına düşə bilər. Çünki Ermənistan hələ də müstəqil ölkə deyil və Rusiyanın forpostudur. Ona görə də Nikol Paşinyan Rusiyadan vazkeçə bilməz... 

Pərviz

0