Danimarka Texniki Universitetinin alimləri insanın ömrünü 78% dəqiqliklə proqnozlaşdıra bilən alqoritm hazırlayıblar.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Computational Science" jurnalında dərc olunub.
Alimlər yeni süni intellekt alqoritmini hazırlamaq üçün 6 milyondan çox danimarkalının məlumatlarından istifadə ediblər. Məlumatların bəziləri müxtəlif arxivlərdən və tibbi qeydlərdən götürülüb. Tədqiqatçılar tədqiqatda iştirak etməyə razılıq verən könüllülərin səhhəti, doğum tarixi, yaşayış yeri, ailə vəziyyəti və peşələri haqqında da məlumat toplayıblar.
Sonra əldə edilən faktlar bu məlumatları təhlil edən, əlaqələr axtaran və əvvəlki təcrübəyə əsaslanaraq gələcək inkişafı proqnozlaşdırmağa çalışan maşın alqoritminə daxil edilib. Neyroşəbəkə insanların həyatları boyu maliyyə gəlirlərini və sağlamlıq durumlarını proqnozlaşdıra bilib. Bundan əlavə, alqoritm müəyyən bir zamanda bir insanın ölmə ehtimalını 78% dəqiqliklə qiymətləndirə bilib. Bunu tədqiqatda iştirak edən insanların sonrakı müşahidələri göstərib.
Alimlər hesab edirlər ki, bu texnika insanların vaxtından əvvəl ölməsi riskini azaltmaq və onların sağlamlıqlarını yaxşılaşdırmaq üçün fərdi strategiyalar hazırlamaq üçün istifadə edilə bilər.
Samir