Politoloq: "Seçki prosesi zamanı ABŞ-da daxili gərginlik artacaq"

DÜNYA
23:39 / 16.01.2024
325

Prezident seçkiləri kampaniyası fonunda ABŞ-da daxili gərginlik artacaq. 

HİT.az xəbər verir ki, bunu amerikalı politoloq Dmitri Drobnitski "Vzqlyad" qəzetinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, demokratlar ABŞ-ın keçmiş prezidenti Donald Trampı seçkidən kənarlaşdıra bilməyəcəklər, çünki bu, eskalasiyaya aparan yoldur.

"İndiki şəraitdə ölkədə gərginlik artacaq və bunun nəyə gətirib çıxaracağını proqnozlaşdırmaq çətindir. Tamamilə mümkündür ki, uduzan tərəf seçkinin nəticələrini tanımaya bilər. ABŞ sonuncu dəfə 19-cu əsrin ortalarında belə bir parçalanma ilə üzləşib və sonra bu, vətəndaş müharibəsinə gətirib çıxarıb", deyə Drobnitski qeyd edib.

O əlavə edib ki, Tramp hazırda prezidentlik yarışında inamlı liderdir, ABŞ-ın hazırkı lideri Co Bayden isə əhali arasında kifayət qədər aşağı reytinqə malikdir.

Yanvarın 16-da məlum olub ki, Respublikaçılar Partiyasının Ayova ştatında keçirilən kokuslarda (fəalların yığıncaqlarında) Tramp rəqiblərini məğlub edib. Səsvermənin nəticələrinə görə, ABŞ-ın keçmiş prezidenti respublikaçıların 51%, onun ən yaxın rəqibləri Florida qubernatoru Ron DeSantis və Cənubi Karolinanın keçmiş rəhbəri Nikki Heyli isə müvafiq olaraq 21,2% və 19,1% səs toplayıb. Dördüncü prezidentliyə namizəd Vivek Ramasvami 7%-dən bir qədər çox səs toplayıb. O, seçki yarışını tərk etdiyini və Trampı dəstəkləyəcəyini açıqlayıb.

Samir

0