İranla Pakistan arasında toqquşma ola bilər? - "Yaxın zamanda..."

DÜNYA
11:36 / 18.01.2024
402

İki gün öncə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Pakistanın Bəluçistan bölgəsinə dron və raketlərlə zərbələr endirdi.

İran tərəfi əməliyyatın hədəfinin ötən dekabr ayında Sistan və Bəluçistanda 11 iranlı polisin ölümünə səbəb olan hücumun təşkilatçısı "Ceyş-ül-Ədl" qruplaşması olduğunu açıqlayıb. Ötən gün isə Pakistan İrana zərbələr endirib. Həmçinin, SEPAH polkovniki öldürülüb.

Maraqlıdır, yaxın perspektivdə İranla Pakistan arasında ciddi toqquşma ola bilər? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rüstəm Tağızadə bildirib ki, "Ceyş-ül-Ədl" qruplaşmasının sünni olduğu hamıya məlumdur:

"Bu münaqişə isə həm dini, həm də ideoloji xarakter daşıyır. Pakistan dövləti son zamanlar tənəzzül olmasa da düşüş dövrünü daşıyır. Görünür, İran da bu məqamdan məharətlə istifadə edir. Üstəlik, Tehran tərəfi "Ceyş-Ül-Əhd" qruplaşmasının həm də Səudiyyə Ərəbistanı ilə əlaqadər olduğunu düşünür.

Ümumiyyətlə, İran dövləti son illər ərzində xeyli aktivləşib. Aktivləşməklə yanaşı, region dövlətləri ilə də bu cür silahlı münaqişələrdən çəkinmir. Ancaq düşünürəm ki, Pakistan dövləti bu hücuma cavab verəcək. Verməsə bu onun siyasi nüfuzuna xələl gətirəcək və gücsüz bir dövlət obrazı olacaq".

341984

Lakin ekspert hesab edir ki, İran və Pakistan arasında yaxın zamanda ciddi münaqişə olmayacaq:

"İranın başı Yaxın Şərqdə gedən müharibəyə qarışıb. Bundan başqa, yeri gələndə Qərbin də İrana təzyiqi artır. Bu baxımdan, tərəflər arasında hər hansı ciddi münaqişə olacağı gözlənilmir. Lakin sərhəddə kiçik toqquşmalar baş verə bilər. 

Fikrimcə, İranın son zamanlar bu cür aqressiv olmasının arxasında müxtəlif səbəblər dayanır. Hal-hazırda rejimə qarşı üsyanlar olmasa da daxili narazılığı azaltmaq üçün bu kimi metodlardan istifadə olunur. Belə ki, belə hücumlar həm də daxildə olan narazılığı azaltmağa hesablanır". 

Politoloqun sözlərinə görə, 2024-cü il müxtəlif regionlarda münaqişələrin çoxalması gözlənilir:

"Bu münaqişələr isə bəşəriyyət üçün ziyandan başqa heç nə vəd etmir. Ona görə də silahlı münaqişələri azaltmaq üçün bütün dövlətlər səfərbər olmalıdır".

Pərviz

0