"2024-cü ildə rublun taleyi neft və qaz başda olmaqla Rusiyanın ixrac etdiyi məhsulların dünya bazarındakı qiymətlərindən asılı olacaq".
Bu sözləri iqtisadçı ekspert Elçin Rəşidov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Rusiyada neft və qaz gəlirləri birbaşa olaraq dövlətin əlində cəmləşir:
"Həmin məbləğ dövlətin büdcəsinə getdiyindən birbaşa iqtisadiyyata yönləndirilir. Ona görə də neft və qazın qiyməti yüksək olduqca Rusiya iqtisadiyyatında xarici valyutaların payı böyük olur. Bu isə rublunun dəyərinin artmasına səbəb olur. Əks təqdirdə isə rubl ucuzlaşır. Yəni Rusiya rublunun taleyi daha çox buna bağlıdır".
Ekspert qeyd edib ki, 2024-cü ildə neft və qazın qiymətinin keçənilki orta qiymət səviyyəsində saxlanılacağı proqnozlaşdırılır:
"Cari ilin sonunda neftin qiymətinin 70-90 dollar diapazonunda qərarlaşacağı gözlənilir. Bu, nisbətən yüksək qiymət olduğuna görə 2024-cü ildə rus rublun qiymətinin azalmayacağına işarədir. Həmçinin, Rusiya-Ukrayna müharibəsinin tempi də rublun qiymətinə təsir edə bilər. Əgər müharibənin tempi ötənilki kimi qalsa, rublun qiyməti dəyişməyəcək. Yəni Rusiyanın milli valyutası öz dəyərini qoruya biləcək".
Həmsöhbətimiz onu da əlavə edib ki, Qərbin bu il Rusiyanı tükətmək üçün daha çox hərbi resursunu Ukraynada cəmləmək planı var:
"Rusiya iqtisadiyyatını tükətmək planının baş tutması bu ölkənin xarici valyuta balansına da ciddi təsir edəcək. Xarici valyuta azaldıqca rubl da zəiflədə bilər".
Pərviz