Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili İrakli Qaribaşvilinin ölkənin baş naziri postundan istefa verməsini və hakim Gürcü Arzusu Demokratik Gürcüstan Partiyasının sədri İrakli Kobaxidzenin onun yerinə təyin olunmasını gürcü xalqının istehzası adlandırıb.
HİT.az xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkələrdə yazıb.
"Kobaxidzenin təyinatı gürcü xalqının növbəti istehzasıdır", deyə Saakaşvili bildirib.
Onun fikrincə, Qaribaşvilinin tutduğu vəzifədən getməsi nəticəsində sadə vətəndaşlar üçün heç nə dəyişməyəcək.
Bundan əvvəl “İmedi” telekanalı Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının sədri İrakli Kobaxidzenin fevralın 1-də partiyanın qurultayında mövqe mübadiləsi aparacağını bildirmişdi.
Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Samir