İmran Xan niyə davamlı şəkildə həbs olunur?

DÜNYA
12:57 / 31.01.2024
599

Məlum olduğu kimi, Pakistanın keçmiş baş naziri İmran Xan barəsində yenidən həbs qərarı verilib. O, dövlət sirrini yaymaqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin, Xan və həyat yoldaşı Buşra Bibi korrupsiyada ittiham olunaraq 14 il azadlıqdan məhrum ediliblər. Bundan başqa, ona 10 il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib.

Maraqlıdır ki, İmran Xan hər dəfə bəraət alaraq, azadlığa çıxsa da, yenidən həbs cəzası alır. Axı nə üçün İmran Xan barəsində davamlı şəkildə həbs qərarı verilir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, İmran Xan mövcud Pakistan iqtidarının ən böyük rəqibidir:

342803

"Onun kifayət qədər elektoratı və dəstəkçisi olan bir şəxs olduğunu da nəzərə almaq lazımdır. Yəni belə nüfuzlu şəxsin azadlıqda qalması mövcud iqtidarın gələcəyi üçün ciddi problem yaradır. Ona görə də İmran Xanı həbsdə saxlamağa çalışırlar".

Ekspert qeyd edib ki, Pakistanın özünəxas demokratiya anlayışı var:

"Hətta orada mövcud iqtidarın da hakimiyyətə gəlməsi asanlıqla baş verməyib. İmran Xan da hazırda hakimiyyətə potensial risklər yaradır. Onun dəstəkçilərinin sayının çox olması, azadlığa çıxan kimi siyasi fəaliyyətinə davam etməsi və iqtidara meydan oxumağa başlaması da bu qərarlara təsir edir. 

İqtidar da onlara təhdid yaradacaq şəxsi azadlıqda saxlamaq istəmir. Yəni İmran Xanın hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra saxlanılması və onun azadlığa çıxmasına rəğmən, davamlı şəkildə həbs edilməsini müəyyən mənada anlamaq olar". 

Pərviz

0