Yunanıstanın milli müdafiə naziri Nikos Dendias Avropa İttifcaqı müdafiə nazirlərinin Brüsseldə keçiriləcək qeyri-rəsmi görüşündə Aİ-nin Qırmızı dənizdəki əməliyyatına nəzarəti Afinaya təhvil verməyi təklif edəcək.
HİT.az xəbər verir ki, bu barədə Dendias "RİA Novosti"yə danışıb.
“Biz Qırmızı dənizdə Avropa əməliyyatını müzakirə edəcəyik və mən Yunanıstanın əməliyyata nəzarəti öz üzərinə götürməsini təklif edəcəyəm, həmçinin əməliyyatın qərargahı kimi Larissadakı qərargahı təklif edəcəyəm”, deyə nazir bildirib.
Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell Brüsseldə Müdafiə Nazirliyi rəhbərlərinin qeyri-rəsmi görüşü başlamazdan əvvəl bildirib ki, Aİ-nin Qırmızı dənizdəki missiyası fevralın 17-də işə başlaya bilər. Aİ ölkələri Avropa missiyasının komandanlığına kimin rəhbərlik edəcəyinə qərar verməli olacaqlar. O vurğulayıb ki, missiya husilərə qarşı aksiyalarda iştirak etməyəcək, yalnız naviqasiya təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirəcək.
Yəmənin Qırmızı dəniz sahillərinin əksəriyyətinə nəzarət edən hakim Ənsar Allah (Husi) hərəkatı daha əvvəl İsraillə əlaqəsi olan istənilən gəmiyə hücum etmək niyyəti barədə xəbərdarlıq etmiş, digər ölkələri ekipajlarını onlardan geri çağırmağa və onlara yaxınlaşmamağa çağırmışdı. Bir sıra gəmiçilik şirkətləri Qırmızı dəniz vasitəsilə daşımaları dayandırmaq qərarına gəliblər.
Husilər Qırmızı dənizdəki hərəkətlərinin Qəzza zolağındakı fələstinlilərə kömək məqsədi daşıdığını bildirib və onların bölgədə naviqasiya azadlığına mane olmadıqlarını iddia ediblər.
ABŞ və Böyük Britaniya yanvarın ortalarından Husilərin hədəflərinə zərbələr endirir və bunu Qırmızı dənizdə naviqasiya azadlığına qarşı təhdidlərə cavab adlandırır. Ənsar Allahın ali siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi bu hücumları terror barbarlığı, qəsdən və əsassız təcavüz adlandırıb.
Samir