Zalujnı vəzifəsindən uzaqlaşdırılır: \"Məqsədlərinə nail ola bilmədilər\"

16:16 / 02.02.2024
554

"Artıq Rusiya-Ukrayna müharibəsi Qərb üçün aktual deyil. Hətta arxa plana keçdiyi deyə bilərik". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bildirib. 

O söyləyib ki, Yaxın Şərqdəki proseslər alovlandıqdan sonra bəzi Qərb ölkələri üçün Ukrayna mövzusu ikinci plana düşüb:

"Xüsusilə Ukraynaya yardım prosesinə öncülük edən ABŞ-nin timsalında bunu görürük. Nəzərə almaq lazımdır ki, son zamanlarda Ukraynaya maddi, hərbi və humanitar yardımlar da səngiyib. Üstəlik, Qərb ölkələri bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar. Bütün bunlar isə Ukrayna mövzusunun özünün əvvəlki aktuallığını saxlamadığını göstərir".

Ekspert qeyd edib ki, Ukrayna daxilindəki proseslər də fərqli məcrada davam edir:

"Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi üzrə prosesləri fərqli şəkildə aparmaq istəyən dövlətlər var. Hətta deyərdim ki, kollektiv Qərbin Ukrayna ilə bağlı "ssenari"sində fikir ayırlıqları yaranıb. Bəzi dövlətlər müharibənin davam etdirilməsini, bəziləri isə Rusiya ilə Ukraynanın sülh danışıqlara getməsini istəyirlər. Həmçinin, münaqişənin dondurulmasını və gələcək zamana təxirə salınması ilə bağlı fikir bildirənlər də var".

342944

Xəyal Bəşirov diqqətə çatdırıb ki, bu fikir haçalanması Ukraynanın daxilində baş verən proseslərdə də özünü göstərir:

"Bir müddət bundan öncə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının ofisinin dinlənilməsi ilə bağlı məsələ gündəmə gəldi. Həmçinin, onun Prezident Volodomir Zelenskinin yerinə hakimiyyətə gələcəyinə dair fikirlər səsləndirilirdi. Əlbəttə ki, bu fikirlər də təsadüfi deyildi. Mətbuata və cəmiyyətə belə fikirlərin buraxılmasının da müəyyən məqsədləri var".

Lakin müsahibimiz hesab edir ki, həmin qüvvələr öz məqsədlərinə nail ola bilmədilər:

"Nəzərə almaq lazımdır ki, artıq Valeri Zalujnının vəzifəsindən kənarlaşdırıldığına dair iddialar sürətlə yayılmaqdadır. Bu da Ukrayna daxilində mərkəzi hakimiyyətin zəifləməsində maraqlı olmayan qüvvələrə sərf edir. Çünki onlar, Ukrayna daxilində fikir ayrılığının və hakimiyyətin parçalanmasının tərəfdarı deyillər. Təbii ki, bu məsələdə Zelenskinin özü də maraqlı ola bilər. 

Ümumiyyətlə, müharibənin gedişi zamanı Zelenskinin devrilməsi, bu günə qədər baş verən mənfi proseslərin, itkilərin və bir sıra digər məsələlərin günahkarı kimi göstəriləcək. Bu isə onun mühakimə edilməsini gündəmə gətirəcək. Ona görə də müharibənin hazırkı qızğın məqamında Zelenskinin hakimiyyətdən getməsi onun əleyhinə çevrilə bilər. Yəni Zalujnını dəstəkləyənlər Zelenskiyə qarşı olan qüvvələrdir".

Pərviz

0