Mərkəzi Bank sədrinin dəyişməsindən sonra Türkiyə iqtisadiyyatını nə gözləyir?

DÜNYA
11:27 / 05.02.2024
540

Türkiyənin Mərkəzi Bankında yaşanan sürpriz sədr dəyişikliyi gündəmdəki aktuallığını qoruyur. 

Belə ki, son günlərdə artan təpkilərin ardında Hafize Qaye Erkan vəzifəsindən istefa verdi. Onun yerinə isə keçmiş müşaviri Fatih Karahan təyin olundu. 

Maraqlıdır, bu dəyişikliyin ardından Türkiyə iqtisadiyyatını nələr gözləyir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Elman Sadıqov deyib ki, hazırda Türkiyə iqtisadi kursunu müəyyənləşdirən şəxs Prezident Rəcəb Tayyib Ərdoğandır:

"Amma əsas icra mexanizmi maliyyə və xəzinə naziri Mehmet Şimşəkdədir. Digər həlledici orqan Mərkəzi Bank olsa da, əsas aparıcı şəxs Mehmet Şimşəkdir. O da, Hafize Qaye Erkanın istefasından sonra açıqlama verərək, bunun Mərkəzi Bank sədrini şəxsi qərarı olduğunu dedi. Bununla da iqtisadi kursda hər hansısa bir dəyişikliyin olmayacağını vurğuladı. 

Üstəlik, qarşıdan gələn bələdiyyə seçkiləri öncəsi hökumətin iqtisadi siyasət dəyişikli ilə bağlı müəyyən qayğılar var. Əgər hansısa dəyişikliklər olarsa, Türkiyə iqtisadiyyatını ciddi problemlər gözləyə bilər".

343105

Həmsöhbətimiz qeyd edib ki, hazırda Türkiyə iqtisadiyyatında bərpa prosesi gedir:

"Əslində Türkiyədə faizlərin 45 faiz olmasını normal qəbul etmək lazımdır. Yəni belə yüksək inflyasiya həddində bu normal göstəricidir. Amma hər halda, müəyyən dərəcədə toparlanma olduğunu deyə bilərik. Ən azından valyuta ehtiyatlarının azalması dayanıb və nisbi artıma keçib. Bəzi müsbət tendensiyaları inkar etmək olmaz. Sadəcə olaraq hər kəs daha sürətli bir artım gözləyir". 

Ekspert hesab edir ki, Mərkəzi Bank sədrinin dəyişməsi Türkiyənin iqtisadi siyasətini dəyişməyəcək:

"Açığı, yeni gələn sədr də özü müstəqil siyasət yürütmək iqtidarında olmayacaq. Bu, aydın məsələdir. Çünki Rəcəb Tayyib Ərdoğan və Mehmet Şimşək amili var. Onların qarşısında alternativ fikir ortaya qoyaraq, iqtisadi siyasəti dəyişmək hər hansısa Mərkəzi Bank sədrinin səlahiyyətində olmaz. Ona görə də bunu daha çox kadr dəyişikliyi kimi dəyərləndirə bilərik. 

Yalnız Mehmet Şimşək istefa versə və ya Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadi kursunu dəyişdiklərini elan etsə Türkiyənin iqtisadi kursu dəyişə bilər. Amma hazırda bərpa prosesi davam edəcək. Lakin 2025-ci ilin ortalarından daha tez inflyasiyanın aşağı düşəcəyi gözlənilmir. Bu da normaldır". 

Pərviz

0