"Ukrayna Prezidenti Volodomir Zelenskiyə qarşı sui-qəsd ola bilər".
Bunu Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, tarixən müharibədə məğlub olan və ya qələbə qazana bilməyən şəxslərlə bağlı bənzər addımlar atılıb:
"Bəzi dövlətlərin tarixində bunu görmüşük. Ona görə də Zelenskinin hakimiyyətdən getməsi və hətta ona qarşı sui-qəsdin reallaşmasına şahidlik edə bilərik. Bu isə Rusiya-Ukrayna müharibəsi bitirmək və ya bunu təxirə salmaq istəyən qüvvələrin də mövqeyi ola bilər".
Ekspert bildirib ki, Rusiya təkcə dünya ilə deyil, çox sayda ölkə ilə müharibə aparır:
"Bu müharibədə kollektiv Qərbin Rusiyaya məğlub olduğu görüntüsünün yaranmamasının və beynəlxalq ictimaiyyətin bu qənaətə gəlməsinin qarşısını almaq üçün Volodimir Zelenskiyə qarşı sui-qəsd planı işə düşə bilər. Bundan başqa, onun devrilməsi və ya növbəti seçkilərdə məğlubiyyətə uğradılmasına şahidlik edə bilərik".
Xəyal Bəşirov hesab edir ki, kollektiv Qərb bu yolla özünün uğursuzluğunu ört-basdır etməyə çalışa bilər:
"Yəni bunu prosesləri hansısa formada dəyişmək üçün etmələri mümkündür. Doğrudur, bu da Rusiya-Ukrayna müharibəsinin həlli yolu deyil. Amma ən azından hazırkı məqamda kollektiv Qərbi bu vəziyyətdən çıxarmağa xidmət göstərə bilər".
Pərviz