Son günlərdə ABŞ ilə İran arasında olan gərginlik pik səviyyəyə çatıb.
Hətta tərəflər bir-birlərini açıq şəkildə təhdid etməkdən belə çəkinmirlər. Bəzi mənbələr isə İran və ABŞ-nin hərbi toqquşma ilə bağlı hazırlıq gördüyünü iddia edir. Hətta vəziyyət kəskinləşərsə, ABŞ-nin İranı vuracağı belə önə sürülür. Yəni iki ölkə arasında artan gərginlik fonunda hərbi toqquşma və ya müharibə olacağı ehtimalları səsləndirilir.
Maraqlıdır, hadisələr necə cərəyan edəcək? İranla ABŞ arasında nə baş verə bilər?
Güney Azərbaycandan olan siyasi fəal Məhsa Mehdili Hit.az-a açıqlamasında bildirib ki, İran ABŞ və ya İsraillə olan mübarizəsini öz daxilində deyil, Yaxın Şərqin müxtəlif ölkələrində bəslədiyi proksi qüvvələri vasitəsilə edir:
"İran İraq, Suriya, Liviya kimi fərqli ölkələrdə proksi qüvvələr vasitəsilə hərəkət edir. Tehran hakimiyyəti həmin qüvvələri əvvəlcə ideoloji olaraq bəsləyir, sonra silahlandırır və onlar vasitəsilə savaşır".
Müsahibəmiz qeyd edib ki, İranla ABŞ arasında müharibə və ya hərbi toqquşma gözlənilmir:
"Sadəcə olaraq, tərəflər proksi qüvvələr vasitəsilə bir-birinin başqa ölkələrdəki hərbi bazaları hədəf ala bilərlər. Onsuz da İran həmişə müharibəni öz sərhədlərindən kənarda aparır. Düşünürəm ki, İran və ABŞ yalnız proksi qüvvələr vasitəsilə üz-üzə gələ bilər. Amma ABŞ-nin İrana zərbə endirəcəyini qətiyyən zənn etmirəm".
Məhsa Mehdilinin sözlərinə görə, əslində İran müəyyən mənada ABŞ-nin maraqlarına xidmət edir:
"İndiki vəziyyətdə İranın varlığı ABŞ-nin də Yaxın Şərqdəki siyasətinə və maraqlarına xidmət edir. Nəzərə alaq ki, onlar indiyə kimi bir-birləri ilə toqquşmayıblar. Üstəlik, rəsmi Vaşinqton Tehran hakimiyyətinə qarşı çox mülayim davranır. Düzdür, sanksiyalar tətbiq olunur, amma onlar sadəcə İrandakı xalqlara təsir edir. Çünki insanlar sanksiyalar səbəbindən maddi cəhətdən əziyyət çəkirlər.
Buna baxmayaraq, Tehran rejimi hələ də siyasətlərini davam etdirir və terror qruplaşmalarını bəsləyir. Ümumiyyətlə, bu günə qədər ABŞ İrana qarşı çox sərt müdaxilə də etməyib. Çünki Ağ Ev İranı regionda "balanslaşdırıcı" bir qüvvə olaraq görür".
Pərviz