"ABŞ Senatı nəhayət ki, Ukraynaya yardım paketi haqqında qanun layihəsini qəbul etdi. Amma bu, sənədin icra olunacağı demək deyil".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O diqqətə çatdırıb ki, bu qərar ABŞ-nin daxili qanunvericiliyinə görə Nümayəndələr Palatasında da təsdiqlənməlidir:
"Lakin uzun müddətdən sonra bu məsələnin müzakirə edilməsi və yardımla bağlı qərar verilməsi Ukrayna cəmiyyətində müharibənin gedişi ilə bağlı ümid yarada bilər. Çünki 60 milyard dollar kifayət qədər böyük yardımdır.
Reallıqda isə bu yardımın Rusiya-Ukrayna müharibəsində ciddi dönüş yarada bilməyəcəyini bilirik. Buna baxmayaraq, təsdiqlənsə belə sözügedən yardımın hansı mərhələlərdən sonra Ukraynaya göndəriləcəyi də hələlik tam olaraq bəlli deyil".
Ekspert bildirib ki, hazırda Rusiya-Ukrayna mərhələsi şiddətli məqamdadır:
"Üstəlik, Ukrayna hazırkı mərhələdə həm silah, həm texnika, həm də canlı qüvvə baxımından çox pis vəziyyətdədir. Hətta bu 60 milyard dollarlıq yardımın qısa müddət ərzində edilməsi belə müharibənin gedişatına ciddi təsir göstərməyəcək. Yəni bunun həlledici dönüş nöqtəsinə səbəb olacağını zənn etmirəm. Sadəcə olaraq, müharibədə müəyyən müddətlik dönüşlər gözlənilə bilər".
Xəyal Bəşirli hesab edir ki, sözügedən yardım Rusiya-Ukrayna müharibəsinin taleyinə birbaşa təsir göstərməyəcək:
"Onu da nəzərə almaq lazımdır ki, ABŞ hazırkı vəziyyətdə bunu təkcə Ukraynaya görə etmir. Yəni İsrail və Tayvana da yardımın edilməsini gözardı etmək olmaz. Uzun müddət sonra yardım paketi layihəsinin hazırlanması və təsdiq edilməsi sadəcə Ukrayna məsələsi deyil.
ABŞ bu fonda İsrail və Tayvana da yardım göstərməyə çalışır. Çünki Ukraynaya yardım etməyib İsrail və Tayvana yardım etmək ABŞ-yə qarşı fikirlərin səslənməsinə səbəb olacaqdı. Ona görə də İsrail və Tayvanla yanaşı, Ukrayna da siyahıya salındı".
Pərviz