Məlum olduğu kimi, üç ölkə "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya tədarükünə veto qoydu.
Söhbət Fransa, Yunanıstan və Cənubi Kiprdən gedir. Bu qərarla Avropa İttifaqının Ukraynaya "Bayraktar TB2" PUA-larının göndərilməsinin önü kəsildi. Üstəlik, bu qərar günlərdir müzakirə predmetinə çevrilib.
Bəs bu qərar Rusiya-Ukrayna müharibəsinin gedişinə necə təsir edəcək?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, bu qərarın Ukrayna ilə birbaşa əlaqəsi yoxdur:
"Bu, əslində Türkiyənin silah istehsalına qarşı atılmış bir addımdır. Üstəlik, sözügedən qərarın Rusiya-Ukrayna müharibəsinə böyük ölçüdə təsir göstərəcəyini zənn etmirəm.
Söhbət Fransa, Yunanıstan və Cənubi Kiprin Ukraynanın Türkiyədən "Bayraktar" almasına veto qoymasından getmir. Söhbət adıçəkilən ölkələrin Avropa İttifaqı tərəfindən verilən maliyyə hesabına Ukraynanın Türkiyədən PUA almasından gedir. Yəni Kiyev hakimiyyəti başqa yerdən əldə etdiyi maliyyə vəsaiti hesabına Türkiyədən "Bayraktar TB2" almağa davam edəcək".
Ekspert diqqətə çatdırıb ki, Ukrayna və Türkiyənin pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı müqaviləsi var:
"Artıq Ukraynanın özündə də Türkiyə ilə birgə "Bayraktar"lar və digər uçuş aparatları da istehsal olunur. Bütün bunlara görə bu veto qərarını Ukraynadakı müharibəyə ciddi təsirinin olmadığını deyə bilərik. Həmin 3 ölkə sadəcə olaraq Türkiyənin hərbi sənayesinə qarşı bu addımı atıb. Lakin bu addım böyük ölçüdə heç nəyi həll etmir.
Çünki Ukrayna lazım olacağı halda yenə də "Bayraktar" əldə edə biləcək. Həmçinin, digər ölkələrin də "Bayraktar"larla bağlı çox sayda sifarişləri var. Fransa, Yunanıstan və Cənubi Kiprə isə onsuz da Türkiyəyə silah satmır. Ona görə də bu qərar nə Rusiya-Ukrayna müharibəsinə, nə də Türkiyənin silah istehsalına təsir edəcək".
Pərviz