Ukraynada müharibə tezliklə bitməyəcək. Tərəflərdən heç biri qarşıya qoyulan məqsədlərə nail ola bilməyəcək.
HİT.az xəbər verir ki, hunu Çexiya prezidenti Petr Pavel "Çex Radiosu"na deyib.
"Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində öz ərazisi üzərində tam nəzarəti bərpa etməyə çalışması məntiqlidir və bu, prinsipcə dəstəklənməlidir", deyə prezident qeyd edib.
Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin yenidən prezident seçildikdən sonra öz məqsədlərinə qismən də olsa nail olmağa çalışacaq. Söhbət işğal olunmuş rayonlara, xüsusən də Donbas üzərində tam nəzarətdən gedir.
Çexiya prezidenti hesab edir ki, müharibədən qarşılıqlı yorğunluq Ukrayna və Rusiya arasında danışıqlara gətirib çıxara bilər. Eyni zamanda, Kiyev Moskva ilə danışıqlar masası arxasına oturmayacağını bəyan edib, çünki Rusiya qoşunların Ukrayna ərazilərindən çıxarılması tələbini yerinə yetirməyib.
2023-cü ilin avqustunda baş nazirin müavini İrina Vereşçuk ukraynalıları müharibənin uzun müddət davam edəcəyinə və gələn ilin yazında bitməyəcəyinə hazırlaşmağa çağırıb.
Eyni zamanda, Ukrayna kəşfiyyatının rəhbəri Kirilo Budanov hesab edir ki, Rusiya ilə müharibə çox uzun sürməyəcək, çünki rus hərbçiləri buna fiziki olaraq dözməyəcəklər.
Samir