Rusiya Moldovaya hücum edəcək? - "Bu istiqamətlərdə..."

DÜNYA
12:48 / 05.03.2024
450

Son günlərdə Rusiyanın Moldovaya hücum edəcəyi ilə bağlı iddialar sürətlə artmaqdadır.

Rus ordusunun Dnestryanıya hücuma hazırlaşdığına dair məlumatlar yayılıb. Dnestryanı ətrafında son baş verənlər və oradakı separatçı rejimin Rusiyaya müraciət etməsi də sözügedən iddiaların yayılmasını artırıb. Ekspertlər baş verənləri Ukrayna müharibəsi ərəfəsində yaşananlara bənzədirlər.

Bəs Rusiya Moldovaya hücum edə bilər?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, əslində Rusiyanın ilkin planında Moldovaya hücum da var idi:

"Hətta 2 il öncə Rusiyanın Ukraynada qısa müddət ərzində hədəflərinə nail olaraq Moldova və hətta Gürcüstana hücum edəcəyi ilə bağlı ehtimallar səsləndirilirdi. Lakin Rusiya Ukraynada uğursuz olduqdan sonra bu plan baş tutmadı".

345125

Ekspert Rusiyanın Moldovaya hücum edə biləcəyini istisna etməyib:

"İndi isə Rusiyanın Ukrayna, Dnestryanı və ya fərqli istiqamətdən Moldovaya hücum edə biləcəyi ilə bağlı ehtimallar dilə gətirilir. Hətta Moskva özü də bunu istisna etmir. Düşünürəm ki, Moldova hökuməti ilə Rusiya arasındakı münasibətlər həddindən artıq gərginləşərsə və rəsmi Kişinyov Qərbə birbaşa inteqrasiya yolunu tutsa bu versiyalar reallaşa bilər. Moldovanın Qərb ittifaqlarına qoşulması və ya Avropa qoşunlarını öz ərazisinə yerləşdirməsi Rusiyanın müdaxiləsi ilə nəticələnə bilər".

Politoloq hesab edir ki, Rusiya açıq və ya üstüörtülü şəkildə Moldovaya hərbi müdaxilə edə bilər:

"Ya Dnestryanı, ya da Ukrayna istiqamətində hücum əməliyyatının həyata keçirilməsi mümkündür. Lakin Rusiya indiki halda daha çox Ukrayna münaqişəsinin dondurulmasını və bu məsələnin dünya gündəmindən çıxarılmasını istəyir. Ona görə də Kreml Moldovaya müdaxilə ehtimalını Ukraynadakı müharibə bitəndən sonraya saxlaya bilər".

Pərviz

0