Britaniyanın ilk transgender teleaparıcısı məşhur yazıçıdan polisə şikayət etdi

DÜNYA
23:56 / 08.03.2024
403

Britaniyanın ilk transgender xəbər aparıcısı İndia Uilobi sosial şəbəkələrdə yazdığı şərhlərə görə məşhur yazıçı JK Roulinqdən (Joanne Kathleen "Jo" Rowling) polisə şikayət edib. 

Bu barədə "Reuters" məlumat yayıb.

İndia Uilobi ona qarşı "nifrət cinayəti" törədildiyini iddia edərək Nortumbria Polisinə müraciət edib. O, Roulinqin aparıcını qadın yox, kişi adlandırdığı yazısının altında yazdığı şərhə belə reaksiya verib.

İndia Uilobi bildirib ki, yazar "mütləq cinayət törədib".

"Mən qanuni olaraq qadınam. O, qadın olduğumu bilir, amma məni kişi adlandırır. Bu qorunan xüsusiyyətdir, həm Bərabərlik Aktı, həm də Genderin Tanınması Aktının pozulmasıdır".

Nortumbria Polisinin sözçüsü xəbəri təsdiqləyib və bildirib ki, departament martın 4-də sosial media yazısı ilə bağlı şikayət alıb, lakin bu işdə iştirak edənlərin kimliyini açıqlaya bilməz: "Hazırda şikayətçi ilə daha ətraflı danışmağı gözləyirik".
Yazıçı ittihamı rədd edərək qeyd edib ki, gender baxımından tənqidi fikirlərə sahib olmaq cinayət deyil.

2023-cü ilin oktyabrında JK Roulinq deyib ki, əgər gələcək Leyboristlər hökuməti kiməsə qəsdən yanlış əvəzliklə istinad etməyi cinayət hesab edərsə, o, xoşbəxtliklə həbsxanada yatacaq.

JK Roulinq 2020-ci ildən transgenderlərə qarşı dözümsüzlüyünə görə tənqid olunur. Bundan sonra yazıçı daha bir neçə dəfə gender qalmaqalların mərkəzində olub. O, həmçinin antisemitizmdə ittiham edilib.//Qaynarinfo.az

0