Türk şirkətləri Avropanın ən böyük NATO hərbi bazasının Rumıniyada inşasında iştirak edəcək, tərəflər bu mövzuda danışıqlar aparır.
HİT.az xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.
"NATO Rumıniyada Avropanın ən böyük hərbi bazasının tikintisinə başlayıb. Tikintidə türk şirkətlərinin də iştirak edəcəyi gözlənilir", deyə nəşr yazır.
Türkiyəli iş adamları son vaxtlar Rumıniyaya tez-tez səfər edirlər. Nəşrin məlumatına görə, Ankara yeni bazanın tikintisi üçün Rumıniyaya dəmir, polad, mis və sement tədarük edəcək.
Xatırladaq ki, NATO-nun Avropadakı ən böyük hərbi bazası Rumıniya ərazisində tikilir, o, Rumıniya Hərbi Hava Qüvvələrinin “Mihail Kogalniceanu” 57-ci aviabazasının genişləndirilməsi nəticəsində 2040-cı ilə qədər yerləşdirilə bilər. Rumıniya layihəyə 2,5 milyard dollar sərmayə qoyacaq.
Nəhəng hərbi kompleksin sahəsi 2,8 min hektar olacaq və yeni obyektləri əhatə edəcək. Xüsusilə, layihə uçuş-enmə zolaqları, yeni idarəetmə qülləsi, mayak və radionaviqasiya sistemi, uçuş simulyatoru, anqarlar daxil olmaqla, aerodrom infrastrukturunun genişləndirilməsini nəzərdə tutur. Həmçinin inzibati-sosial binalar, məktəb və uşaq bağçaları, mağazalar, restoranlar, kinoteatr və xəstəxana olacaq. 10 min NATO əsgəri ailələri və baza dəstək personalı ilə birlikdə şəhərc yaşayacaq.
Samir