ABŞ İrana İsrailin konsulluğa zərbə endirmək planlarından xəbərsiz olduğunu bildirib

DÜNYA
12:00 / 02.04.2024
286

ABŞ İsrailin İranın Suriyadakı konsulluğuna zərbə endirməsindən xəbəri olmayıb və bunda iştirak etməyib. 

HİT.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ prezidenti Co Baydenin administrasiyası birbaşa İrana bildirib ki, Vaşinqtonun bundan xəbəri yoxdur. Bu barədə CNN-ə iki ABŞ rəsmisi danışıb.

Telekanalın digər mənbələri bildiriblər ki, Ağ Evə Suriyadakı əməliyyat barədə İsrail təyyarələri artıq havada olarkən məlumat verilib və onların hədəfi məlum deyil.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü açıqlamasında "Birləşmiş Ştatlar zərbədə iştirak etməyib və bu barədə əvvəlcədən məlumatımız yox idi" deyib.

Aprelin 1-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğuna hücum edib. Hava hücumu Qətər və Rusiya tərəfindən pislənib. İsrail Müdafiə Qüvvələri zərbə ilə bağlı rəsmi açıqlama verməyib. Eyni zamanda, İDF-nin sözçüsü Daniel Həcəri bildirib ki, bina konsulluq deyil, Dəməşqdə mülki bina kimi maskalanmış İran Qüds Qüvvələrinin hərbi binasıdır. İsrail rəsmiləri "The New York Times"a hücumun İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyiblər.

Zərbə zamanı binada iki iranlı general, Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin SEPAH-ın beş zabiti olub. Onların hamısı ölüv. "The New York Times" qəzeti anonim qalan dörd İsrail rəsmisinə istinadən zərbənin İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib. Onların sözlərinə görə, hədəf general Zahedi olub.

Bundan sonra İranın BMT-dəki daimi nümayəndəliyi təşkilatın Təhlükəsizlik Şurasına məktub göndərərək, onu İsrailin zərbəsini pisləməyə çağırıb. Diplomatik nümayəndəlik İsrailin hərəkətlərini terror hücumu adlandırıb və zərbənin BMT Nizamnaməsinə zidd olduğunu vurğulayıb. Məktubda həmçinin bildirilir ki, İran sərt cavab vermək hüququnu özündə saxlayır. 

Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, aprelin 2-də İranın Suriyadakı konsulluğuna aviazərbə ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçiriləcək. O bildirib ki, bu görüşün keçirilməsi üçün İrandan başqa Rusiya Federasiyası da müraciət edib.

Samir

0