Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti dəfə Rusiya-Ukrayna müharibəsi barədə danışıb.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodomir Zelenskinin sülh təklifi real deyil və Rusiya ələ keçirdiyi əraziləri tərk etməyəcək. Belarus lideri bildirib ki, Kiyev hakimiyyəti indi danışıqlara başlamasa, onda Ukrayna dövlətçiliyini itirəcək.
Həqiqətən bu müharibənin dayanaması Ukrayna dövlətinin süqutu ilə nəticələnə bilər?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Turab Rzayev deyib ki, Ukraynanın indiki məqamda sülh müqaviləsi imzalaması onun süqutu ilə nəticələnməyəcək:
"Nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsi artıq 3 ilə yaxındır davam edir. Üstəlik, bu müharibədə hər iki tərəf də çox ciddi itkilər verib. Amma artıq müharibənin uzanması Ukraynaya dəstək verən Qərb ölkələrini də narahat edir.
Faktiki olaraq, Kiyevə dəstəyi kəsmək barədə düşünən ölkələr var. Belə olan təqdirdə, Ukrayna tərəfinin Rusiya ilə danışıqlara başlaması, hətta ərazi itkisinə rəğmən sülh müqaviləsi imzalaması mümkündür".
Ekspert qeyd edib ki, Ukraynaya gücünü toplamaq üçün vaxt lazımdır:
"Ona görə də ilkin sülh müqaviləsi və atəşkəs barədə addım atıla bilər. Düşünürəm ki, ərazi itkisinin olması belə Ukrayna dövlətçiliyinin itirilməsinə səbəb olmayacaq. Ukrayna köklü bir ölkədir və dövlətçilik tarixi var. Belə olan təqdirdə, onların dövlətçiliyini itirməsi inandırıcı görünmür.
Əksinə, Ukrayna Avropa İttifaqı və NATO-ya üzv olmaq istəyirsə, Rusiya ilə sülh müqaviləsi imzalamalıdır. Amma bunu ümumi mənada məğlubiyyət kimi qiymətləndirmək lazım deyil. Tarix göstərir ki, yekun zəfərə gedən yolda güc toplamaq və nəfəs almaq üçün kiçik dayanmalar lazımdır".
Pərviz