"Uzun illərdir ki, İranın bir çox bölgəsində Tehran rejiminə qarşı ciddi etirazlar keçirilir".
Bu sözləri Güney Azərbaycandan olan siyasi fəal Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu, son 2 ildə isə daha yüksək səviyyədə müşahidə olundu:
"Çünki müxtəlif bölgələrdə genişmiqyaslı etiraz aksiyaları keçirildi. Demək olar ki, bütün küçələrdə aksiyaları oldu. Amma bunun üçün çox ağır bədəllər də ödənildi. Təkcə bir ildə 800 insan edam olundu. Üstəlik, onların əksəriyyəti Tehran hakimiyyətinə qarşı müxalif olanlar idi".
Həmsöhbətimiz qeyd edib ki, Tehran rejimi etirazçıları çox ağır şəkildə cəzalandırır:
"Aksiyalara qatılanlar işlərindən qovulurlar, dərslərə buraxılırlar. Həmçinin, bəzi insanlar küçələrdə güllələndi, bəziləri də edam olundu. Bir çoxunun da məhkəmələri hələ də davam edir. Artıq istər-istəməz bir qorxu atmosferi də formalaşıb. Yəni Tehran rejiminə qarşı çox qəzəbli olan toplum dərdlərini bildirmək üçün demokratik yol tapa bilmir. Hər zaman dövlət tərəfindən təzyiqlə qarşılaşırlar".
Məhsa Mehdilinin sözlərinə görə, İranda yaşayan xalqlar geri çəkilməyiblər:
"Sadəcə olaraq onlara qarşı hədə-qorxu var. Həmçinin, maddi problemlər də mövcuddur. Tehran dövləti heç bir etirazı dinləmədən zor gücü ilə insanları susdurmağa çalışır. Buna baxmayaraq, qorxu səbəbindən insanlar daha da qəzəbləniblər.
Yəni etirazlar dayanmayıb və insanlar susmaq istəmirlər. Çünki problemlər hələ də ortadadır. Üstəlik, Tehran dövləti problemlərə qarşı təzyiq və qəddarlıqla cavab verir. Hesab edirəm ki, yaxın gələcəkdə yenidən genişmiqyaslı etiraz aksiyaları görəcəyik".
Pərviz