"Gürcüstan hakimiyyəti Qərbi deyil, Şərqi seçdi" - Ekspert

DÜNYA
15:47 / 03.05.2024
528

"Gürcüstan hazırda seçim etmək məcburiyyətindədir".

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, əslində indiki Gürcüstan hakimiyyətinin qərarları da bu seçimlə bağlıdır:

"Hətta onlar seçimini sonuncu baş nazir seçkisində də göstərdilər. Çünki yeni Baş nazir İrakli Kobaxidze andiçmə mərasimində yollarının Şərq olduğunu açıq şəkildə bildirdi. O, bir növ Rusiya və Çinə inteqrasiya edəcəklərini, Şərq istiqamətində gedəcəklərini və Qərbə arxa çevirəcəklərini demişdi. Əslində bu da bəlli idi".

Lakin ekspertin sözlərinə görə, Gürcüstanın bu addımının belə tez və kəskin olacağı gözlənilmirdi:

"Çünki daha öncə də Gürcü Arzusu partiyası "xarici agentlər haqqında" qanun layihəsini qəbul etdirməyə çalışdı. Ancaq əhali bunu "rus qanunu" kimi qəbul etdiyi üçün alınmadı. Nəzərə almaq lazımdır ki, Gürcüstanda istər hakimiyyətə yaxın, istərsə də müxalif qruplar Qərbdən maliyyə yardımı alırlar. Ona görə də hökumət etiraza səbəb olan qanun layihəsini geri çəkmişdi. 

İkinci dəfə bunu elan etmələri və məsələnin üzərinə getmələri isə onu göstərir ki, hakimiyyət bu məsələdə qərarlıdır. Görünür, Gürcüstan hakimiyyəti ölkəyə gələn qrantları nəzarət altına almaq istəyir. Bununla da ölkənin siyasi mühitini nəzarətdə saxlamağı hədəfləyirlər. Üstəlik, bir dəfə geri çəkildikdən sonra yenidən bunu etmələri Gürcü Arzusu partiyasının qanun layihəsində israr edəcəyini göstərir".

349340

Həmsöhbətimiz qeyd edib ki, müxalifətin mitinqlərinə cavab olaraq Gürcü Arzusu da öz mitinqi təşkil etdi:

"İlk dəfə bu mitinqdə Gürcüstanın "boz kardinalı" sayılan Bidzina İvanişvili çıxış etdi. Hansı ki, o, siyasi səhnədə görünməyi sevməyən adamdır. Amma ilk dəfə özü çıxaraq açıq şəkildə qərarın keçəcəyini elan etdi. 

Hesab edirəm ki, İvanişvili öz siyasi çəkisini ortaya qoydu. Bundan sonra geri addım atması onun üçün siyasi ləkə olar. İkincisi, onun bu addımı vəziyyətin nə qədər kritik olduğunu nümayiş etdirir. Üçüncüsü isə hakimiyyətin geri addım atmayacağını və qərarını verdiyini göstərir". 

Turab Rzayevin fikrincə, Gürcüstan hakimiyyəti artıq Qərbi deyil, Şərqi seçib:

"İndiyə kimi Gürcüstanda ABŞ ilə Rusiya arasında bir konsensus var idi. Mixail Saakaşvilinin də hakimiyyətdən getməsinə səbəb bu oldu. Dönəmin ABŞ prezidenti Barak Obama düşünürdü ki, Saakaşvili kimi sərt fiqurlar Rusiya ilə yaxınlaşmaya mane olur. Ona görə də Gürcü Arzusunun dönəmidə hakimiyyətə gələnlərlə bağlı ortaq qərar verirdilər. Məqsəd hakimiyyətin həm Qərbə, həm də Şərqə yaxın olması idi. 

Lakin son zamanlarda istiqamət Şərqə doğru dəyişdi. Onsuz da uzun müddətdir Gürcüstan hakimiyyətinin Rusiya ilə yaxınlaşdığı hiss olunurdu. İvanişvilinin Qərbin tələblərinə məhəl qoymadan özünün birbaşa bu qərarı verməsi onu deməyə əsas verir ki, artıq Gürcüstan Qərbdən tamamilə uzaqlaşır. Ona görə də Qərb bundan sonra etirazçıları açıq şəkildə dəstəkləyəcək".

Pərviz

0