Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev son açıqlaması ilə diqqət mərkəzinə düşüb. O bildirib ki, Qərb Ukraynaya qoşun göndərsə, Rusiya Vaşinqton, London və Parisə nüvə zərbəsi endirəcək.
Maraqlıdır, belə bir ssenari reallaşa bilər, yoxsa bu bəyanat çəkindirmə məqsədi daşıyır?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, ABŞ, NATO və ya Avropa İttifaqı ölkərindən birinin Ukraynaya qoşun göndərməsi Rusiyanın nüvə silahından istifadəsini leqallaşdırar:
"Həmçinin, müharibənin qlobal müstəviyə keçəcəyi mənasına gələr. İndiki məqamda Rusiya Ukraynada məhdud silahlardan istifadə edir. Amma qlobal miqyasda müharibənin içində olmaq Rusiyaya yeni silahlardan istifadə etmə haqqı tanıyır. Ona görə də Dmitri Medvedevin bu açıqlaması xəbərdarlıq mahiyyəti daşıyır. Yəni başqa ölkələr prosesə müdaxilə edərsə, onda müharibənin miqyası genişlənəcək və motivi dəyişəcək".
Ekspert hesab edir ki, bu, nüvə müharibəsinə gətirib çıxar:
"Bu da qlobal müstəvidə sistemin özünü çökdürəcək ciddi problem yarada bilər. Ümumiyyətlə, hansısa ölkənin Ukraynaya qoşun göndərəcəyini zənn etmirəm. Çünki onlar da bunun nəticəsinin nə olacağını yaxşı bilirlər. Bu baxımdan, inandırıcı deyil".
Politoloq qeyd edib ki, Rusiyanın xəbərdarlıqları ciddi qəbul edilməlidir:
"Çünki Rusiya bundan öncə də dediklərini edib. Hətta Medvedevin dediyini də edə bilər. Hesab edirəm ki, buna görə ABŞ, Avropa İttifaqı və ya NATO Ukraynaya birbaşa hərbi yardım etməyəcək. Bu günə qədər olduğu kimi yalnız maliyyə və hərbi yardım edəcəklər".
Pərviz