"Rusiyanın növbəti hədəfinin Qazaxıstan olacağı iddiaları ilə razı deyiləm".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O xatırladıb ki, Rusiya rəsmiləri Ukrayna müharibəsindən öncə tamam fərqli fikirdə idilər:
"Onlar, qısa müddətdə Ukraynanı nəzarət altına alacaqlarını düşünürdülər. Lakin reallıq tamam başqa cür oldu. Üstəlik, Ukrayna Rusiya və Avropa üçün Qazaxıstandan daha çox əhəmiyyət kəsb edir. Oradakı qarşıdurmanın da əsas səbəbi bu oldu".
Ekspert diqqətə çatdırıb ki, Qazaxıstan Mərkəzi Asiyada çox həssas və əhəmiyyətli regiondur: "Amma Ukrayna qədər əhəmiyyətli deyil. Çünki Ukrayna Avropanın qapısı deməkdir. Rusiyanın bənzər addımları Qazaxıstana qarşı atacağını da zənn etmirəm.
Nəzərə almaq lazımdır ki,usiya Ukrayna müharibəsində xeyli itki ilə üzləşib, taqətdən düşüb. Ən azından hazırkı mərhələdə Rusiyanın növbəti bir dövlətə hücum edəcəyi inandırıcı deyil. Hələ Qazaxıstan kimi böyük əraziyə malik dövlətə bu addımların atılması real görünmür. Bunun üçün ciddi əsas da yoxdur".
Həmsöhbətimiz onu da əlavə edib ki, Qazaxıstan Ukrayna kimi deyil:
"Ukraynada Avropa İttifaqı və NATO-ya yönləndirilmiş siyasət var idi. Amma Qazaxıstanda elə bir siyasət yoxdur. Üstəlik, Qazaxıstanla Rusiyanın münasibətləri də o səviyyədə deyil ki, tərəflər arasında hansısa müharibə olsun".
Xəyal Bəşirovun fikrincə, Rusiya artıq qonşuları ilə danışıqlar yolu ilə anlamağa üstünlük verəcək:
"Çünki ətrafındakı bütün dövlətlərlə müharibə aparmaq Rusiya üçün daha böyük faciələrə gətirib çıxarar. Kreml də bunu bilir. Ona görə də düşünürəm ki, hazırkı mərhələdə növbəti hədəfin Qazaxıstan olacağı barədə fikirlər əsassızdır".
Pərviz