Gürcüstan parlamentinin "xarici agentlər haqqında" qanunu qəbul etməsinə Qərb ölkələrinin reaksiyası başqa ölkənin işlərinə qarışmaq deməkdir.
HİT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Sputnik" radiosuna bildirib.
"Bu, digər ölkələrin suveren müstəqil Gürcüstan dövlətinin daxili siyasətinə mütləq, 100 faiz müdaxiləsidir", deyə o, bildirib.
Diplomat əlavə edib ki, ölkə informasiya hücumuna məruz qalıb.
Bir gün əvvəl Gürcüstan parlamenti plenar iclasında "xarici agentlər haqqında" qanun layihəsini üçüncü və yekun oxunuşda səs çoxluğu ilə qəbul edib. Qanun layihəsi gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin qeydiyyatını nəzərdə tutur. Sənədə əsasən, "xarici qüvvələrin maraqlarını" güdən bütün təşkilatlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək, həmçinin bəyannamə doldurmaq lazımdır. Qeydiyyatdan və ya bəyannamə doldurmaqdan imtina 25 min lari (təxminən 9,5 min dollar) məbləğində cərimə ilə cəzalandırılacaq.
Bu layihənin əleyhdarları qanunvericiliyə "xarici agent" anlayışının daxil edilməsi ilə əlaqədar onu Rusiya qanunvericiliyinin analoqu adlandırırlar.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirmişdi ki, ABŞ Gürcüstanda xarici agentlər haqqında qanun qüvvəyə minərsə, bu ölkə ilə münasibətlərə köklü şəkildə yenidən baxmalı olacaq. Bundan əvvəl Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Bürosunun rəhbəri Cim O'Brayen bildirmişdi ki, əgər parlamentin qəbul etdiyi xarici agentlərlə bağlı qanun layihəsi dəyişməsə və rəhbərlik Aİ və digər tərəfdaşlara hücumlarını davam etdirsə, Vaşinqton Tbilisiyə qarşı sanksiyalar tətbiq edə bilər. Öz növbəsində, departamentin mətbuat katibinin müavini Vedant Patel qeyd edib ki, Gürcüstan bu qanun kontekstində seçilmiş kursdan əl çəkməlidir, çünki hazırkı yanaşmalar ABŞ dəyərlərinə uyğun gəlmir.
Samir