İran Prezidenti İbrahim Rəisi və onu müşayət edən şəxsləri daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.
APA-nın məlumatına görə, bu barədə İranın IRNA Agentliyi qəza yerinin ətrafındakı kəndlərin sakinlərinə istinadən məlumat yayıb.
Sakinlər deyiblər ki, onlar bu ərazidən səslər eşidiblər.
Əraziyə pilotsuz uçuş aparatları və axtarış itləri də daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş 20-dən çox xilasetmə qrupu göndərilib.
Onlarla yanaşı, ərazidə axtarış əməliyyatlarına kömək etmək üçün silahlı qüvvələrin gözətçi qrupları və xüsusi təyinatlıları da iştirak edir.
Ərazinin mürəkkəbliyi, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də ərazidə kəskin duman olması səbəbindən axtarış-xilasetmə işləri çətinləşib.
19.25
İran lideri Ayətullah Əli Xamenei Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.
"Report" xəbər verir ki, bu barədə TASS "Tehran Times" qəzetinə istinadən məlumat yayıb.
Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.
İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib