Zelenski legitim prezident hesab olunmayacaq? - AÇIQLAMA 

DÜNYA
14:47 / 21.05.2024
529

Ukraynada Prezident Volodimir Zelenskinin legitimliyi müzakirə olunmağa başlayıb. 

Buna səbəb onun səlahiyyət müddətinin başa çatmasıdır. Artıq həm Rusiya, həm də Qərb ölkələrində Zelenskinin prezidentliyinin legitimliyi ilə bağlı bəyanatlar verilir.

Bu, Zelenski üçün hər hansısa bir təhlükə yarada bilər? 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bildirib ki, burada psixoloji məqam də mütləq şəkildə nəzərə alınmalıdır:
"Çünki Ukrayna ilə Rusiya arasında həm də psixoloji müharibə gedir. Psixoloji müharibə hər iki tərəfin həmlələri ilə özünü göstərir. Məsələn, Ukrayna tərəfi bəyan edir ki, Rusiya 1 milyon əsgərini qurban vermə bahasına olsa belə Xarkovu işğal etmək istəyir. Həmçinin, Rusiyada növbəti səfərbərliyin ola biləcəyi, habelə hər gün 10 min rus əsgərinin öldüyü ilə bağlı fikirlər səsləndirilir. Yəni bunlar Rusiya cəmiyyətinə verilən mesajlardır. Onların hədəfi rusları Prezident Vladimir Putinə qarşı qaldırmaqdır.

Eyni addımları Rusiya tərəfi də Ukraynaya qarşı edir. Bu gün Zelenski ilə bağlı fikirlərin səsləndirilməsinə səbəb budur. Kreml Ukrayna cəmiyyətində rəhbərin legitim olmadığı barədə fikir formalaşdırmaq istəyir. Bununla da Ukrayna cəmiyyətində və ordusunda ümidsizlik yaratmağı hədəfləyirlər".

Lakin ekspert qeyd edib ki, bunun arxasında real məqam da durur:


"Nəzərə almaq lazımdır ki, Ukrayna Konstitusiyasında bu məqam nəzərə alınmayıb. Bir çox ölkənin Konstitusiyasında müharibə şəraitində prezident seçkilərinin təxirə salınacağı ilə maddə olsa da, Ukrayna Konstitusiyasında hansı addımların atılacağı ilə bağlı bənd yoxdur. Görünür, Ukrayna Konstitusiyası qəbul edilərkən müharibə olacağını düşünməyiblər. Ona görə də Konstitusiya qəbul edilərkən bütün gözlənilməz ehtimallar belə nəzərə alınmalıdır". 

Həmsöhbətimiz onu da əlavə edib ki, Zelenskinin legitimliyi müzakirə predmeti olmağa davam etsə, Ukrayna cəmiyyətində ciddi fikir ayrılığı yarana bilər:

"Bunun isə müharibəyə vəziyyətdə xaotik vəziyyətin meydana gəlməsi ilə nəticələnmə ehtimalı var. Əlbəttə ki, bu da özünü orduda və müharibədə mütləq şəkildə göstərəcək".

Xəyal Bəşirovun fikrincə, Ukrayna cəmiyyəti kənardan səslənən fikirlərdən asılı olmayaraq müharibənin getdiyi həssas dönəmdə Volodimir Zelenskinin legitimliyini və rəhbərliyini birmənalı şəkildə qəbul edərək, onun arxasında getməlidirlər:


"Əks təqdirdə, müharibənin davam etməsinə rəğmən prezident seçkiləri keçirə bilərlər. Amma bu, hazırkı reallıqda mümkün deyil. Çünki Ukrayna cəmiyyəti uzun müddətdir səfərbər olunub. İndiki vəziyyətdə belə fikirlərin ortaya atılması Rusiyanın işinə yarayacaq və müharibədə Ukraynanın mövqeyinə ciddi zərbə vuracaq".

Pərviz

0