Rusiyada məhkəmə 77 yaşlı Novosibirsk fiziki Anatoli Maslovu vətənə xəyanətdə təqsirli bilib. Ona 14 il müddətinə ciddi rejimli koloniyada cəza kəsilib.
HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Anatoli Aleksandroviç Maslov Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə 14 il müddətinə azadlıqdan məhrum etmə, 1 il müddətinə azadlığı məhdudlaşdırmaqla ciddi rejimli islah koloniyasında çəkmə cəzasına məhkum edilsin", deyə məhkəməyə sədrlik edən hakim İrina Furmanova hökmü elan edib.
Fizikə iki il müddətinə dövlət sirri təşkil edən məlumatların qəbulu və əldə edilməsi ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə şəklində əlavə cəza da verilib.
Müstəntiqlərin fikrincə, 2014-cü ildə Maslov hipersəslə bağlı gizli elmi inkişafları Almaniya kəşfiyyatına ötürüb. O, özü ittihamə rədd edir.
Maslov Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Novosibirsk Nəzəri və Tətbiqi Mexanika İnstitutunun baş elmi işçisi olub. O, 2022-ci ildə saxlanılıb. Alimin vəkilləri onun belə uzun müddət yaşaya bilməyəcəyinə inanırlar. Maslovun səhhətində problemlər var və fevralda infarkt keçirib.
Samir