Norveç, İspaniya və İrlandiya tərəfindən Fələstinin tanınması HƏMAS hərəkatı üçün bir hədiyyə deyil. Fələstin rəhbərliyi HƏMAS ilə eyni deyil.
HİT.az xəbər verir ki, bunu “Reuters” agentliyinə Avropa diplomatiyasının rəhbəri Cozep Borrell deyib.
"Fələstin dövlətinin tanınması HƏMAS-ın hədiyyəsi deyil, əksinə olacaq. Fələstin Muxtariyyəti HƏMAS deyil, əksinə, onlar bir-birindən uzaqdırlar", deyə Borrel vurğulayıb.
O əlavə edib ki, Avropa İttifaqı artıq danışıqlar aparıb, Fələstin Muxtariyyətini maliyyələşdirib və onun nümayəndələri ilə görüşüb.
Qeyd edək ki, mayın 22-də Norveç, İrlandiya və İspaniya Fələstini tanımaq qərarını açıqlayıb. Əvvəlcə onlar Yaxın Şərqdəki münaqişə həll olunmayana qədər bunu etmək niyyətində deyildilər, lakin sonra qərara gəliblər ki, bu, sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırmağa kömək edəcək. İsrail buna cavab olaraq bu ölkələrdən səfirlərini geri çağırıb. HƏMAS beynəlxalq səviyyədə tanınmasını alqışlasa da, israillilər buna baxmayaraq mübarizəni davam etdirəcəklərini vəd edirlər.
İsrailin Almaniyadakı səfiri Ron Prosor bildirib ki, yəhudilər və yəhudi dövləti Fələstini tanıyan ölkələri unutmayacaq və bağışlamayacaq:
"Bu ölkələr terrorçulara arxa durur. Növbəti qırğın zamanı onların əllərində günahsız insanların qanı olacaq. Biz bunu unutmayacağıq və bu dövlətləri bağışlamayacağıq".
Bundan başqa Portuqaliya da Fələstini tanımaq istəyir, amma bu məsələdə Avropa İttifaqı (Aİ) ölkələri arasında konsensus əldə edilməsini gözləmək niyyətindədir. Bu barədə "Lusa" Portuqaliya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat verib.
Mənbənin sözlərinə görə, hazırda Portuqaliya tərəfi konsensusa nail olmaq, eləcə də qərarın qəbuluna daha çox ölkə cəlb etmək üçün müxtəlif dövlətlərlə məsləhətləşmələr aparır. Agentliyin həmsöhbəti vurğulayıb ki, Fələstin dövlətçiliyinin tanınması Portuqaliya üçün ciddi məsələdir.
Onu da qeyd edək ki, inidiyədək Fələstini yalnız 9 Avropa İttifaqı ölkəsi tanımışdı. Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Cənubi Kipr, Malta, Polşa və Çexiya keçən əsrin sonunda bunu ediblər, o zaman onlar regional birliyin bir hissəsi deyildilər. İsveç də 2014-cü ildə Fələstini tanıyıb.
Samir