İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib ki, Roma Ukraynaya bir dənə də əsgər göndərməyəcək.
HİT.az bu barədə "Rai3" telekanalına istinadən xəbər verir.
"Biz Ukraynaya döyüşmək üçün bir dənə də olsun italyan əsgərini göndərməyəcəyik və Ukraynaya göndərdiyimiz hərbi texnikanın onun hüdudlarından kənarda istifadə olunmasını istəmirik. Biz Rusiya ilə müharibə aparmırıq. İtaliyadan çıxan bütün silahlar Ukrayna sərhədləri daxilində istifadə edilməlidir", deyə XİN başçısı bildirib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paris və Londonun Ukraynaya əsgər göndərilməsi ehtimalı ilə bağlı ritorikasını təhlükəli adlandırıb. Kreml həmçinin Fransa prezidenti Emmanuel Makronun Ukraynaya hərbi personal göndərilməsi mövzusunun Avropada müzakirə olunduğu, Rusiyaya strateji məğlubiyyət verməklə bağlı mövqeyinin də Moskvaya yaxşı məlum olduğu sözlərini diqqətə çatdırıb. Onlar qeyd ediblər ki, bir sıra ölkələr bu cür hərəkətin potensial təhlükələrini və qaynar münaqişəyə birbaşa cəlb olunma təhlükəsini kifayət qədər ayıq şəkildə qiymətləndirirlər.
Samir