Yeni Kaledoniyanın müstəqillik mübarizəsi necə nəticələnəcək? - RƏY

DÜNYA
10:15 / 06.06.2024
359

"Yeni Kaledoniya xalqı müstəqillikləri üçün indiyə qədər kifayət qədər addımlar atıb".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Yeni Kaledoniyada bir neçə dəfə ölkənin müqəddəratının təyin edilməsi ilə bağlı referendum keçirilib:

"Lakin həmin referendumlar Fransa hakimiyyətinin müdaxiləsi və oyunbazlığı ilə qarşılaşdığı üçün nəticələr xalqın iradəsini göstərməyib. Buna baxmayaraq, bütün dünya Yeni Kaledoniyanın müstəqil olmaq istədiyini görür. Üstəlik, müstəqillik ideyası sözügedən adanın cəmiyyəti tərəfindən də artıq qəbul olunub.

Düzdür, Fransa müəyyən demoqrafik oyunlarla əhalinin tərkibini dəyişməyə və Yeni Kaledoniyanın müstəqilliyinin əleyhinə səs verən əksəriyyətin yaradılmasına nail olub. Lakin əsl Yeni Kaledoniya xalqı müstəqil olmaq istəyir".

Ekspert qeyd edib ki, Yeni Kaledoniya müstəqil olmağa layiqdir:

"Xalqın 150 ildən artıqdır müstəqillik uğurunda davam edən mübarizəsi də onların müstəqilliyi haqq etdiklərini göstərir. Üstəlik, Yeni Kaledoniya xalqının müstəqillik uğrunda mübarizəsində dünyanın bir çox ölkələri dəstək verir. Bakı Təşəbbüs Qrupu da Yeni Kaledoniya xalqının müstəqillik mübarizəsini dəstəkləyir. Hətta bununla bağlı dünyanın bir çox ölkəsində tədbirlər keçirilib". 

Aydın Quliyev Yeni Kaledoniyanın müstəqil olacağına inandığını da əlavə edib:

"Artıq Yeni Kaledoniyada müstəqillik uğrunda mübarizə küçə hərəkatına çevrilib. Orada müstəqillik naminə vətəndaş müharibəsinin getdiyini söyləmək olar. Hətta aksiyalar zamanı ölənlər də olub. 

Ümumiyyətlə, Yeni Kaledoniya xalqı müstəqillik uğurunda mübarizəsini davam etdirməlidir. Onlar, seçdikləri yollarından geri addım atmamalıdırlar. Biz də müstəmləkə şəraitində yaşayan xalqlarının müstəqillik arzularını dəstəkləyirik. Hesab edirəm ki, Yeni Kaledoniya indi də olmasa gələcəkdə müstəqillik əldə edəcək". 

Pərviz

0