"Qərbdə bəzi dövlətlər Ukrayna ilə bağlı mövqelərini dəyişsələr də, bəziləri bu addımı atmayıb".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Qərbin bəzi dövlətləri hələ də Ukraynaya dəstək verərək, Rusiyanın zəiflədilməsi və məğlub edilməsi planlarının həyata keçməsini istəyirlər:
"Bu proses bu gün də aktualdır. Lakin bəzi Qərb dövlətlərinin Ukraynaya qarşı münasibəti dəyişib. Biz bunu edilən yardımlardan, atılan addımlardan və səsləndirilən bəyanatlardan görürük. Görünür, bir çox dövlət Rusiya-Ukrayna müharibəsindən yorulub. Üstəlik, Rusiyaya sanksiyalar tətbiq olunmasını da təkcə birtərəfli itkilərə məruz qoymur. Burada Rusiyanın neftindən, qazından və digər təbii sərvətlərindən məhrum olan ölkələr, sanksiya tətbiq edən tərəflər də itirirlər".
Ekspert qeyd edib ki, kollektiv Qərbin Rusiyaya sanksiya tətbiq etməklə bağlı planları özünü doğrultmadı:
"Vaxtilə Rusiyanın qısa müddət ərzində çökəcəyi barədə fikir səsləndirənlər bu gün özləri də etiraf edirlər ki, rəsmi Moskva və rus əhalisi bu vəziyyətə adaptasiya olub. Sanki Rusiyada sanksiyalara qarşı "immunitet" yaranıb. Bu isə onların getdikcə daha uzunmüddətli müharibəyə hazır olmasına gətirib çıxarır. Əlbəttə ki, bu da kollektiv Qərb üçün çox mənfi və dəhşətli bir amildir.
Çünki onlar, Rusiyanı çökdürmək və Ukraynadan çıxarmaq üçün sanksiyalar tətbiq etdilər. Lakin baş verənlər tamamilə fərqli mənzərə ortaya qoyur".
Həmsöhbətimiz əlavə edib ki, buna görə də kollektiv Qərbdə ciddi narazılıq yaranır:
"Hətta Avropa ölkələrinin bir çoxu bu prosesdə ciddi şəkildə əziyyət çəkirlər. Ukrayna müharibəsi başladıqdan bəri ən böyük zərbələrdən biri də məhz Almaniya iqtisadiyyatına dəyib. Ona görə də rəsmi Berlin birmənalı şəkildə bu prosesə qarşıdır. ABŞ və Böyük Britaniya kimi dövlətlər isə Avropadakı bəzi ölkələrinin mövqeyini bölüşmürlər".
Xəyal Bəşirov qeyd edib ki, bu amil Ukrayna ilə Qərb arasında çox ciddi fikir ayrılıqlarına gətirib çıxarıb:
"Eyni zamanda, münasibətlərin pozulmasında Ukrayna tərəfinin də mövqeyi var. Çünki rəsmi Kiyev davamlı olaraq onlara verilən vədlərin yerinə yetirilməməsindən şikayətlənirlər. Üstəlik, Ukrayna hakimiyyəti uzun müddət müharibəyə hazır olmayacaqlarını çox gözəl bilir. Belə ki, müharibə artdıqca Qərbdən gələn yardımlar azalır.
Düşünürəm ki, Ukrayna rəhbərliyi uzun müddət Rusiya ilə müharibədə duruş gətirə bilməyəcəyini və yardımın səngiyədiyini görüb Qərbə narazılığını bildirir. Bəlkə də Ukrayna dövləti müharibə ilə bağlı çox ciddi peşmançılıq çəkir. Sadəcə bunu biruzə verməyin məğlubiyyəti etiraf etmək olduğunu bildikləri üçün açıq şəkildə bildirmirlər. Ümumiyyətlə, bu müharibədə hər iki tərəf də çox ciddi itkilərə məruz qalıb. Qazanan isə başqa dövlətləridir".
Pərviz