NATO rusiyalı diplomatları "rus kəşfiyyatçıları" adlandırdı

DÜNYA
18:19 / 14.06.2024
390

NATO-nun baş katibi Yens Stoltenberq rusiyalı diplomatların hərəkətinin məhdudlaşdırılması təklifini dəstəkləyərək onları rus kəşfiyyatçıları adlandırıb. 

HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz müttəfiqlərin Rusiya kəşfiyyatçılarının hərəkətini daha da məhdudlaşdıran növbəti hərəkətlərini alqışlayırıq”, deyə o bildirib.

Bundan əvvəl xəbər verilmişdi ki, NATO ölkələrinin müdafiə nazirləri Rusiyaya qarşı yeni tədbirlərlə bağlı razılığa gəliblər və bu da alyans üzvlərinə qarşı iddia edilən “Rusiya Federasiyasının təxribat əməlləri”nə cavab olacaq. Bu tədbirlərə digər məsələlərlə yanaşı, Rusiya kəşfiyyatına məhdudiyyətlərin tətbiqi də daxildir.

NATO həmçinin kəşfiyyat xidmətləri arasında mübadilələri gücləndirməyə və mühüm infrastrukturun mühafizə səviyyəsini artırmağa hazırlaşır. NATO Xarici İşlər Nazirləri Şurasının iclasında Stoltenberq bildirib ki, 500 min NATO hərbçisi yüksək hazırlıq vəziyyətindədir.

Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı təklifini sülhməramlı hesab etmədiyini bildirib. Onun sözlərinə görə, Putinin təklifi yalnız “Rusiyanın Ukraynanın daha da çox ərazisini işğal etmək hüququna malik olması” deməkdir.

“Bu təklif xoş niyyətdən danışmır, Rusiyanın hərbi məqsədlərinə çatmaq istəyindən danışır”, deyən Stoltenberq əlavə edib ki, bu, sülh təklifi deyil.

NATO-nun baş katibi həmçinin qeyd edib ki, alyans ölkələri Ukraynaya hərbi dəstək verməyə davam edəcək.

İyunun 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna Luqansk Xalq Respublikası (LXR), Donetsk Xalq Respublikası (DXR), Zaporojya və Xerson ərazilərindən qoşunlarını çıxarmalıdır. Həmçinin, onun fikrincə, Ukrayna NATO-ya daxil olmamalıdır. O qeyd edib ki, Kiyev verilən şərtlərlə razılaşdıqdan sonra hərbi əməliyyatlar dərhal dayandırılacaq və sülh danışıqları başlayacaq.

Samir

 

0