Ukraynaya gecə hücumu: Ruslar dörd regionda enerji obyektlərinə ziyan vurub

DÜNYA
08:01 / 20.06.2024
323

İyunun 20-nə keçən gecə Rusiya qüvvələri Ukrayna ərazisinə hücum edib, nəticədə 4 rayonun enerji obyektlərinə ziyan dəyib.

HİT.az xəbər verir ki, bu barədə "Ukrenerqo" məlumat yayıb.

Ruslar Ukraynanın mülki enerji infrastrukturu obyektlərinə yeni kütləvi hücum edib. Vinnitsa, Dnepropetrovsk, Donetsk və Kiyev vilayətlərindəki obyektlərdə avadanlıqlar sıradan çıxıb. Nəticələri hələ də araşdırılır.

Vinnitsa OVA-nın rəhbəri Serhey Borzov "Telegram"da qeyd edib ki, düşmən pilotsuz uçuş aparatları ilə kritik infrastruktur obyektini vurub. Xəsarət alan olmasa da, nəticələrin aradan qaldırılması üçün tədbirlər görülüb.

Paytaxt Kiyev də hücuma məruz qalıb.

"Paytaxtda gecə hava xəbərdarlığı PUA-ların hücum təhlükəsi ilə əlaqələndirilib. İlkin məlumatlara görə, düşmənin pilotsuz təyyarələri cənubdan buraxılıb, Nikolayev, Kirovohrad, Dnepropetrovsk, Poltava, Çerniqov vilayətlərindən keçib və Kiyevə hücum etməyə cəhd edib. Şimal-şərq istiqaməti üzrə zenit qüvvələri və müdafiə vasitələri paytaxta yaxınlaşarkən düşmənin bütün hədəfləri məhv edilib", deyə "Ukrenerqo" qeyd edib.
Kiyevdə dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

"Ukrenerqo" NEC-in idarə heyətinin rəhbəri Vladimir Kudritski bildirib ki, yaxın bir neçə həftə ərzində Ukraynanın enerji sistemində vəziyyət indikindən qat-qat çətin olacaq. Onun sözlərinə görə, səhər saat 11:00-dan axşam saat 23:00-a kimi işıqların kəsilməsi qrafikləri günün qalan vaxtlarına nisbətən bir qədər çox tətbiq olunacaq.

Ukraynalılar ən azı qarşıdakı iki qışda elektrik enerjisinin kəsilməsi ilə yaşayacaqlar. Enerji Tədqiqatları Mərkəzinin direktoru Oleksandr Xarçenko bildirib ki, hazırda enerji sisteminin vəziyyəti 12 baldan 3 balla qiymətləndirilə bilər.

Samir

0