Qəzəbli Stalinə cavab verməkdən çəkinməyən general – o, bir il ərzində özünü doğrultmağı bacarıb...

DÜNYA
22:20 / 26.06.2024
153

Sovet dövründə siyasi elitada olduğu kimi yüksəkçinli hərbçilər arasında da intriqalar və çəkişmələr səngiməyib. Məhz bu konfliktlərin sayəsində çoxları rütbə və vəzifələrini itiriblər. Hətta onların arasında sürgünə göndərilənlər və güllələnənlər də olub.

General İvan Petrov da bu cür intriqalardan kənarda qalmayıb. Qeyd edək ki, Petrov hələ sovet-alman müharibəsindən əvvəl Stalinin inandığı və güvəndiyi hərbçilərdən biri olub. O, 1940-cı ildə general rütbəsini də məhz Stalindən alıb.

İvan Petrov 1896-cı ildə Bryanskda anadan olub. Gimnaziyanı bitirdikdən sonra Karaçayev şəhərində müəllimlər seminariyasında təhsil alıb. Pedaqoji təhsil alsa da o, heç vaxt bu sahə üzrə işləməyib.

1918-ci ildə ordu sıralarında xidmətə başlayanda onu əvvəlcə altı aylıq hərbi kurslara göndəriblər. Kursu bitirdikdən sonra o, öz gələcək həyatını hərb sahəsinə bağlayıb. Ali təhsilini Frunze adına Hərbi Akademiyada alan Petrov sovet-alman müharibəsi başlanana qədər Sibir Hərbi Dairəsində, Orta Asiyada diviziyanın qərargah rəisi, diviziya komandiri, korpus komandirinin müavini, korpus komandiri vəzifələrində xidmət edib.

53916-main.jpg (99 KB)

General-mayor rütbəsi aldıqdan sonra Petrov  27-ci korpusun komandiri təyin edilib. Müharibə başlananda korpus Bryanskda dislokasiya olunub. Bir neçə aydan sonra isə general Odessaya göndərilib, 1-ci korpusun komandiri vəzifəsinə təyin edilib.

Petrov Odessanın, Sevastopolun müdafiəsində, Şimali Qafqazda bir sıra uğurlu hərbi əməliyyatlara imza atıb. Dövlət Müdafiə Komitəsində, Baş Qərargahda onun adı bacarıqlı hərbçi kimi hallanıb.

1943-cü ilin oktyabr ayında isə Baş Qərargahda Stalinin iştirakı ilə keçirilən müşavirədə Petrova ordu generalı rütbəsi təqdim edilib. Adətən, yüksəkçinli hərbçilər haqqında xoş fikir bildirməkdə “xəsislik” edən Stalin müşavirədə Petrovun xidmətlərini yüksək qiymətləndirib.

1944-cü ildə Belarusiya cəbhəsində xidmət edən Petrovla Belarusiya cəbhəsinin hərbi şurasının üzvü, Stalinin inandığı şəxslərdən biri olan Lev Mexlis arasında konflikt yaranıb. Petrov onun hərbi əməliyyatlara müdaxiləsini qəbul edə bilməyib və onu “adi silahları ayırd edə bilməyən hərbçi” adlandırıb, belə bir şəxsin hərbi əməliyyatlara müdaxiləsini yolverilməz sayıb.

PetrovI.E5.jpg (83 KB)

Mexlis qisas üçün məqam gözləyib. 1944-cü ilin mart ayında Kerç istiqamətində Petrovun apardığı hücum əməliyyatları bir neçə istiqamətdə iflasa uğrayanda Mexlis əməliyyatın nəticələri haqqında Stalinə yazılı arayış təqdim edib. Arayışda göstərilib ki, ordu generalı İvan Petrovun səhhəti əməliyyatların uğurlu keçməsinə mane olur, belə ki, o, vaxtının əsas hissəsini həkimlərlə keçirir. Yazılı şəkildə göstərilən bu bəhanələri Mexlis şifahi şəkildə Stalinə daha “aydın” şəkildə başa salıb. Bu “anlaşmadan” sonra Petrov Moskvaya, Dövlət müdafiə Komitəsinə dəvət olunub, rütbəsi aşağı salınaraq general-polkovnik rütbəsinə endirilib. General bu cəzanı soyuqqanlıqla qarşılasa da sözünü qəzəbli olan Stalinə deməkdən çəkinməyib:

-Yoldaş Stalin, mən rütbəyə görə xidmət etmirəm. Diqqətinizə onu da çatdırmaq istəyirəm ki, mənim haqqımda sizə verilən məlumatlar qərəzdən başqa bir şey deyil.

Stalin generalın fikirlərinə heç bir reaksiya verməyib. Mexlis isə istədiyinə müvəqqəti olsa da nail ola bilib.

Петров_Иван_Ефимович.jpg (60 KB)

Rütbəsinin aşağı salınmasını Petrov özünə zərbə kimi qəbul etsə də ruhdan düşməyib və o, çox keçmədən kimin xəstə olduğunu sübut etməyi bacarıb. 1944-cü ilin avqustunda 4-cü Ukrayna cəbhəsinin komandanı vəzifəsində olan Petrov şərqi və qərbi Karpat istiqamətindəki hücum əməliyyatlarında xüsusilə fərqlənib. 1944-cü ilin oktyabr ayında, birinci dəfə ordu generalı rütbəsi aldığı vaxtdan düz bir il sonra Petrov növbəti dəfə Moskvaya dəvət olunub. Stalin cəbhə komandanları ilə keçirilən müşavirədə ikinci dəfə ordu generalı rütbəsini Petrova təqdim edib.

İvan Petrov yeganə hərbçi olub ki, ona ordu generalı rütbəsi hər iki dəfə Stalin tərəfindən verilib və rütbələri ona şəxsən Stalin özü təqdim edib.

Müharibədən sonra İvan Petrov xidmətini Müdafiə Nazirliyində davam etdirib, piyada qoşunları komandanının birinci müavini vəzifəsində işləyib, SSRİ Ali Sovetinin deputatı olub.

Generalın oğlu Yuri Petrov atasının yolunu seçib, ali hərbi təhsil alıb. Amma perespektivli hərbçi kimi tanınan Yuri Petrovun hərbi karyerası yarımçıq qalıb. 6 oktyabr 1948-ci ildə Aşqabad zəlzələsi zamanı podpolkovnik rütbəsində olan Yuri Petrov şəhərin həmin qarışıq ərəfəsində naməlum şəxslər tərəfindən güllələnib. Zəlzələnin törətdiyi fəsadlar cinayətin üstünün açılmasına imkan verməyib. Bu hadisə generala ağır zərbə olub və onun səhhətində ciddi problemlər yaradıb.
O,  1958-ci ildə, 61 yaşında vəfat edib.

Mənbə: Musavat.com

0