Əsasən Polşa desantlarından, eləcə də Macarıstan, Çexiya və Slovakiyadan olan hərbi qulluqçulardan yaradılmış Avropa İttifaqının Vişeqrad döyüş qrupu iyulun 1-dən döyüş növbəsinə başlayıb.
HİT.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Avropa İttifaqının döyüş qrupu xidmətə başlayır, onun əsas nüvəsi 6-cı Hava Desant Briqadasının hərbi personalından ibarətdir", deyə Polşa Müdafiə Nazirliyinin bəyanatında qeyd edilir.
Nazirlik vurğulayır ki, bu birləşməyə 2,3 min hərbçi daxildir.
AB Vişeqrad Döyüş Qrupu ilk dəfə 2016-cı ildə döyüş növbəsinə çıxıb və sonuncu dəfə 2023-cü ilin əvvəlində vəzifə yerinə yetirib. Belə bölmələrin yaradılması barədə qərar 2004-cü ildə Aİ-nin müdafiə nazirləri tərəfindən qəbul edilib.
Aİ döyüş qrupları humanitar yardım əməliyyatları həyata keçirməyə, xilasetmə missiyalarına kömək etməyə qadir olan mobil bölmələrdir və həmçinin sülhməramlılıq və böhranların idarə edilməsi üçün istifadə edilə bilər.
Samir