"İsrail ilə HƏMAS arasında davam edən müharibəyə başqa ölkələr də qatıla bilər".
Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, əslində müharibə böyük ölçüdə İsrailin üstünlüyü ilə davam edir:
"Amma İsrailin Livandakı "Hizbullah"a hücum edəcəyinə dair məlumatlar da var. Düşünürəm ki, İsrail hakimiyyəti Livandakı "Hizbullah"ı vurmağa qərar veribsə, deməli artıq HƏMAS-la bağlı planlarını başa çatdırıblar. Həqiqətən də HƏMAS-a çox ciddi mənada zərbə vurulduğunu deyə bilərik".
Ekspert hesab edir ki, İsrail bundan cəsarətlənərək indi də "Hizbullah"la döyüşmək istəyir:
"Amma "Hizbullah"la qarşı-qarşıya gəlməyin İsrail üçün nəticələri daha ağır ola bilər. Nəzərə almaq lazımdır ki, "Hizbullah"a təkcə İran yox, Rusiya və Avropa ölkələri də dəstək verəcək. Çünki Avropa ölkələrinin bir çoxu İsrailin Qəzzada apardığı əməliyyatlardan narahatdır. İsrail isə xəbərdarlıqlara baxmayaraq, əməliyyatlarını davam etdirir".
Turan Rzayev qeyd edib ki, bunun nəticəsi olaraq da Avropanın bir çox ölkəsi Fələstinin müstəqilliyini tanıdı:
"Böyük ehtimalla, bu tendensiya İsrailin "Hizbullah"la hücumu ilə daha da genişlənəcək. Həmçinin, de-fakto olmasa da Avropa ölkələri müharibəyə qoşularaq həm HƏMAS-a, həm də "Hizbullah"a dəstək verəcəklərini düşünürəm".
Pərviz