Məsud Pezeşkian İran prezidenti seçilsə, nəyi dəyişəcək? - ŞƏRH

DÜNYA
12:55 / 04.07.2024
488

"Məsud Pezeşkianın prezident seçilməsi İranın müasir tarixində bir azərbaycanlının hakimiyyətə gəlməsi baxımından çox önəmlidir". 

Bu sözləri Güney Azərbaycandan olan siyasi fəal Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Pezeşkian Cənubi Azərbaycandakı səsvermələrdə birinci olub:

"Məsud Pezeşkian Cənubi Azərbaycan bölgələrinin hamısından yüksək səs toplayıb. Düzdür, İranda səsvermə hüququ olan əhalinin 60 faizi seçkidə iştirak etməyib. Sadəcə 40 faiz insan səs verib. Çünki xalqın sandıqdan heç bir ümidləri yoxdur. Amma buna baxmayaraq, Pezeşkian əsasən Azərbaycan bölgələrində birinci olub. 

Bu da Cənubi Azərbaycan xalqı üçün azərbaycanlı namizədin olmasının çox önəmli olduğunu göstərir. Çünki xalq etnik mənsubiyyətinə baxaraq səs verir. Nəzərə alaraq lazımdır ki, İran prezidentliyinə namizəd Məsud Pezeşkian Azərbaycanəsillidir. O, hər zaman evdə Azərbaycan dilində danışdığını da açıqlayıb. Pezeşkian valideynlərinin də türk olduğunu bildirir. Ona görə Məsud Pezeşkianın İranın prezidenti seçilməsi yaxşı olar". 

353441

Həmsöhbətimiz qeyd edib ki, İranda siyasətə və idarəetməyə mülayim adamların gəlməyi lazımdır:

"Amma İranda prezidentin çox böyük səlahiyyətləri yoxdur. Ölkənin həm daxili, həm xarici siyasətini ali dini lider müəyyən edir. Ümumiyyətlə, İranda prezident dini liderin siyasətini həyata keçirən insandır. Ona görə böyük gözləntilərim yoxdur. Çünki bunun üçün prezidentin səlahiyyətləri mövcud deyil".

Məhsa Mehdili onu da vurğulayıb ki, molla rejimi həm daxili, həm də xarici siyasətdə süquta uğrayıb:

"Ona görə də mülayim üzə ehtiyacı var. Üstəlik, azərbaycanlıların, qeyri-farsların və ərəblərin İran rejiminə qarşı çox ciddi etirazları var idi. Bu səbəbdən də Azərbaycanəsilli şəxsin prezidentliyə namizəd olması da marağa səbəb oldu. Bu, indiki vəziyyətdə rejimə də müəyyən qədər sərf etdi".

Pərviz

0