Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Suriya prezidentləri Vladimir Putin və Bəşər Əsədi Suriya nizamlanması məsələsini müzakirə etmək üçün dəvət edə biləcəyini bildirib.
HİT.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ərdoğanın sözlərinə görə, əgər Putin Türkiyəyə səfər edə bilsə, bu, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması üçün yeni prosesin başlanğıcı ola bilər.
“Ötən illər göstərdi ki, Suriya üçün daimi nizamlanma mexanizmi yaratmaq lazımdır. İnfrastrukturu dağılmış, əhalisi səpələnmiş Suriyanın yenidən ayağa qalxması həyati əhəmiyyət kəsb edir. Qeyri-sabitliyə son qoymaq vacibdir", deyə Türkiyə lideri ŞƏT sammitində iştirak etmək üçün Qazaxıstan səfərindən qayıtdıqdan sonra bildirib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml hələlik Moskvanın Türkiyə ilə Suriya arasında danışıqlar prosesində iştirakını təsdiq edə bilməz.
İyunun 30-da “Əl Vətən” qəzeti Suriya hökumətindəki mənbəyə istinadən xəbər verib ki, Dəməşq və Ankara ikitərəfli münasibətlərin normallaşdırılmasının müzakirə olunacağı görüş keçirməyə hazırlaşır.
Samir