Türk lirəsi yenidən kəskin ucuzlaşa bilər? - İqtisadçıdan AÇIQLAMA

DÜNYA
12:03 / 11.07.2024
304

"Hal-hazırda türk lirəsinin ABŞ dolları qarşısında kursu ilə bağlı müəyyən müzakirələr və fikir mübadilələri var".

Bu sözləri iqtisadçı ekspert Elman Sadıqov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu məsələdə ən əsas amil tendensiyadır:

"Düşünürəm ki, Türkiyə hökuməti etiraf etməsə də türk lirəsinin nəzarət altında ABŞ dolları qarşısında tədricən dəyər itirməsində maraqlıdır. Amma hazırkı dövrdə bu addım bəyənilmir. Çünki son illərdə türk lirəsi kifayət qədər dəyər itirib və antiinflyasiya tədbirləri görülür. Ona görə də hazırkı dövrdə bu, o qədər də məqsədəuyğun deyil. Lakin 2-3 ildən sonra lirənin yenidən dollar qarşısında tədricən zəifləyəcəyini müşahidə edəcəyik".

353909

Ekspert vurğulayıb ki, Mehmet Şimşek xəzinə və maliyyə naziri olduqdan sonra nəzarətdən çıxmış mənfi tendensiya dayandırıldı:

"Bu, çox önəmlidir. Artıq Türkiyə iqtisadiyyatı əvvəlki kimi "qan itirmir". Həmçinin, ölkənin risk balı da aşağı düşdü. Bu gün Türkiyənin xarici borclanması 2-3 il əvvəllə nisbətdə daha aşağıdır. Ən əsas amillərdən biri odur ki, klassik iqtisadiyyatın tələb etdiyi yolla gedildi və müsbət nəticələr daha çox oldu. Faktiki olaraq, Türkiyə hökuməti bu gün lirənin kursunu sabit saxlamaq üçün bazara külli miqdarda dollar buraxmır".

Mütəxəssis diqqətə çatdırıb ki, son açıqlanan rəqəmlərə görə Türkiyənin ümumi ehtiyatları 144 milyard dollar səviyyəsindədir:

"Xalis rezervləri isə 12,7 milyard dollara qədər artıb. Hansı ki, bu xalis ehtiyatlar 2 il əvvəl - 60 milyard dollara qədər düşmüşdü. Hazırda isə bu rəqəm mənfidən müsbətə doğru dəyişib. Bunlar çox önəmli makroiqtisadi göstəricilər və fundamental məsələlərdir.

Sadəcə Türkiyə böyük qlobal müharibəyə girəcəyi və ya orada güclü təbii fəlakət olacağı kimi pis ehtimallarda türk lirəsi nəzarətdən çıxaraq ucuzlaşa bilər. Amma maliyyə sahəsindəki bugünkü vəziyyət bizə onu deməyə əsas verir ki, qardaş ölkədə bundan sonrakı dövrdə türk lirəsinin nəzəratdən çıxaraq dəyər itirəcəyi ehtimalı aşağıdır. Buna baxmayaraq, zaman-zaman hansısa valyutanın müəyyən dərəcədə dəyər itirməsi də qaçılmazdır". 

Elman Sadıqovun proqnozuna əsasən, 2026-cı ilə qədər türk lirəsinə qarşı hansısa riks görünmür:

"Əlbəttə ki, türk lirəsinin dəyər itirməməsi görülən tədbirlərin nəticəsidir. Mən bu il 1 dolların 30-35 lirə ətrafında qalacağını proqnozlaşdırıram. Hazırda turizm mövsümünü də nəzərə alaraq deməliyik ki, türk lirəsinə qarşı yüksək təhlükə yoxdur. Həmçinin, ilin sonuna qədər də dolların lirə qarşısında kəskin şəkildə bahalaşacağını gözləmirəm. 

Üstəlik, 2025-ci ildə də kəskin sıçrayış olmaz. Amma daha sonrakı 2-3 il ərzində 1 dollar 40 lirəyə qədər yüksələ bilər. Hazırda Türkiyənin əsas hədəfi inflyasiyanı 2026-cı ilə qədər təkrəqəmli həddə salmaqdır. Bu isə sadəcə sabit türk lirəsi kursu olduqda mümkün ola bilər".

Pərviz

0