ABŞ-da Trampa qarşı məxfi sənədlərlə bağlı iş bağlandı
Florida ştatının hakimi Eylin Kennon ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı işə xitam verilməsinə qərar verib.
Bu barədə Hit.az “Reuters”ə istinadən xəbər verir.
Vaxtılə Tramp tərəfindən təyin olunan hakim Kennon ittihama rəhbərlik edən xüsusi prokuror Con Smitin ABŞ-ın keçmiş prezidentinə qarşı iş açmaq səlahiyyətinə malik olmadığına dair qərar verib.
Üstəlik, hakimin fikrincə, Smit öz vəzifəsinə ABŞ-ın baş prokuroru Merrik Qarlend tərəfindən qanunsuz olaraq təyin edilib.
Reuters-in qeyd etdiyi kimi, çox güman ki, Kennonun qərarından şikayət veriləcək. Əvvəllər Amerika məhkəmələri ABŞ Ədliyyə nazirliyinin müəyyən siyasi cəhətdən həssas araşdırmalar aparmaq üçün xüsusi prokurorlar təyin etmək hüququnu dəfələrlə təsdiqləyib.
Tramp artıq Kennonun qərarının “ilk addım” olması lazım olduğunu bildirib və ona qarşı olan dörd cinayət işinin hamısına xitam verilməsini istəyib.
“Gəlin birləşək ki, ədalət sistemimizdən silah kimi istifadə olunmasını dayandıraq”, Tramp yazıb.
Xatırladaq ki, daha əvvəl Trampın Floridadakı iqamətgahında səlahiyyət müddəti bitdikdən sonra təhvil verməli olduğu məxfi sənədlər aşkarlanıb.
Bunun fonunda ABŞ-ın keçmiş prezidentinə qarşı iş açılıb.
Samir