"Dövlətlərin Avropa İttifaqına daxil olması həmişə Avropaya inteqrasiya üçün müraciət edən ölkələrin məziyyətlərinə əsaslanacaq".
HİT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Strasburqda çıxışı zamanı bildirib.
"Giriş həmişə ləyaqətə əsaslanan bir proses olacaq", deyə o bildirib.
Eyni zamanda, fon der Leyen çıxışı zamanı digər dövlətlərin Aİ-yə inteqrasiyası prosesini Avropa quruculuğunun başa çatması prosesi adlandırıb.
Ursula fon der Leyen deyib ki, Rusiya və Çin arasında sıx əməkdaşlıq Avropa İttifaqının təsirini azaldır və Qərbin qurduğu beynəlxalq nizamı sarsıdır. O, Rusiya-Çin "sərhədsiz dostluğunu" beynəlxalq münasibətlərə yanaşmanı dəyişdirməkdə günahlandırıb:
"Nəticədə qaydalara əsaslanan beynəlxalq nizamımız pozulur və qlobal institutlarımız daha az təsirli olur".
Bundan əlavə, fon der Leyen hesab edir ki, Rusiya və İran kimi dövlətlər qurmaq istəyən "alternativ dünya nizamı" imperiya ambisiyalarına və yenidən yazılmış xəritələrə əsaslanır. Eyni zamanda, AK rəhbəri ölkələr arasında münasibətlər sistemində islahatların aparılmasının zəruriliyini etiraf edib, lakin Avropa İttifaqının bunda aparıcı rol oynamalı olduğunu vurğulayıb.
Ursula fon der Leyen qeyd edib ki, ikinci müddətə vəzifəsinə seçilərsə, Avropa İttifaqını "müdafiə ittifaqı"na çevirməyi, həmçinin Avropa İttifaqında vahid hava hücumundan müdafiə sistemi yaratmağı təklif edəcək.
"Biz Avropanın hava qalxanı və kibermüdafiəsinin yaradılmasından başlayaraq, Avropa üçün ümumi maraq kəsb edən bir sıra müdafiə layihələri təklif edəcəyik", deyə o, bildirib.
Onun diqqətini əsl Avropa müdafiə ittifaqı yaratmağa yönəldəcəyinə söz verdiyi vurğulanır. Eyni zamanda, fon der Leyen Avropa Komissiyasının rəhbəri olaraq ikinci beş illik müddətə yenidən seçiləcəyi təqdirdə yaşıl siyasətləri məhdudlaşdırmayacağına söz verib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin müdafiə birliyi yaratmaqla Aİ-yə hərbi ton vermək istəyi Aİ-nin istiqamətinə ziddir:
"Biz bilirik ki, birgə müdafiə və təhlükəsizlik siyasəti Aİ daxilində iş sahələrindən biridir, lakin bu, heç vaxt Avropa İttifaqının əsas inkişafı istiqaməti olmayıb. Görünür, fon der Leyen Aİ-nin prioritetlərinin dəyişdirilməsindən, bu ittifaqa hərbi çalarların verilməsindən danışır".
Peskov əlavə edib ki, bu iş Aİ ölkələrinin Şimali Atlantika Alyansı çərçivəsindəki qarşılıqlı əlaqəsi ilə kəsişir. Kreml sözçünün sözlərinə görə, bu, Avropa dövlətlərinin hərbiləşməyə, eləcə də Aİ-nin xarici siyasəti çərçivəsində qarşıdurmaya və qarşıdurma üsullarına arxalanmasına dair ümumi əhval-ruhiyyəni təsdiqləyir.
Qeyd edək ki, Avropa Parlamentinin üzvləri bu gün plenar iclasda Avropa Komissiyasının yeni rəhbərini seçəcəklər. Qurumun hazırkı rəhbəri ikinci beşillik müddətə yenidən seçilmək istəyən Ursula fon der Leyen deputatlar qarşısında çıxış edəcək. Bundan sonra deputatlar onun namizədliyinin müzakirəsi ilə davam edəcək.
Samir